Xətai Sənət Mərkəzində (XSM) 22-24 oktyabrda rəssam Hafiz Kərimovun “Akvarellə lirika” adlı fərdi sərgisi keçirilib.

XSM-in direktoru Zahid Əvəzov qonaqları salamladıqdan sonra Xalq rəssamları – Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədr müavini Ağaəli İbrahimov, Arif Hüseynov, sənətşünas, professor Ziyadxan Əliyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ARİ-nin Qrafika və akvarel bölməsinin müdiri Həmzə Abdullayev, “İWS Azerbaijan”ın (Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi) sədri Səbinə İskəndər, Azərbaycan Dövlət Rəsm Qalereyası Elmi-bərpa metodiki və ekspozisiya şöbəsinin müdiri Elçin Hüseynli, həmçinin rəssamın dostları və yaxınları çıxış edib, müəllifi sərgi münasibətilə təbrik ediblər.

Sonra sərgi açıq elan edilib, qonaqlar rəssamın akvarel nümunələri ilə tanış olublar.

Bu il 55 illik yubileyini qeyd edən akvarel ustası Hafiz Kərimov Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirən rəssam 2005-ci ildən ARİ-nin üzvüdür. Bir neçə fərdi sərgisi keçirilib. O, qrup sərgilərinin iştirakçısı olub, mükafatlara layiq görülüb.

Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, özəl qalereyalarda, o cümlədən ölkəmizdə və xaricdə şəxsi kolleksiyalarda saxlanılır. Rəssam yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olur.