Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi “PÖFF | Tallinn Black Nights” (“Qara Gecələr”) Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.

Avropanın ən böyük film festivallarından olan “PÖFF | Tallinn Black Nights” bu il 11-27 noyabr tarixində keçiriləcək.

Festivalın əsas müsabiqə proqramında ilk dəfə Azərbaycan filmi iştirak edir. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında yer alan 23 ekran əsərindən biridir və bu, filmin dünya premyerasıdır. “Mərmər soyuğu” uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Məhbəsdən evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir.

Əsas rolları Elşən Əsgərov, Natəvan Abbaslı və Qurban İsmayılov ifa edirlər.

“PÖFF | Tallinn Black Nights” festivalın saytına keçid burada: https://poff.ee/en/news/poff-announces-its-full-2022-official-selection-lineup/?fbclid=IwAR08yWOiDUZjpMfuKsEb5FK6e8FWMr6Aa_DqBEV4MCTcd-B4FnGnz8soEAk