“Cinema Radio” kanalının rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, rejissor Kamran Qasımov beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunacaq.

K.Qasımov Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının (ATSEA) üzvü kimi Akademiya Fondunun hər il keçirdiyi “Kollec televiziya mükafatları” müsabiqəsində tələbə və debütantların audiovizual işlərini üç kateqoriya (bədii serial, sənədli serial və xəbərlər kateqoriyası) üzrə dəyərləndirəcək.

Bu barədə ATSEA-dan daxil olan məktubda bildirilir. Qeyd olunur ki, mükafatların rəsmi təqdimat mərasimi 2023-cü ilin aprel ayında keçiriləcək.

Qeyd edək ki, “Kollec televiziya mükafatları” müsabiqəsi ilk dəfə 1979-cu ildə keçirilib. Mükafatların təqdim edilməsində məqsəd Amerika televiziya sənayesində ilk addımlarını atan gənc peşəkarların işlərini dəyərləndirmək, onları stimullaşdırmaqdır.

Lalə