Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin 25 oktyabr – Qazaxıstan Respublikasının Respublika Günü münasibətilə bu ölkənin başçısı Kasım-Jomart Tokayevə təbrik məktubunda vurğulanır.

Qeyd olunur ki, bu ilin avqustunda Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar açıb.

“Əminəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə Azərbaycan Prezidentinin təbik məktubunda bildirilir.