Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri haqqında fikir mübadiləsi aparılıb

 

Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrimiz, demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasın. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaq.

Prezident İlham Əliyev bu fikirləri oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatı zamanı bildirib.

Azərbaycan Prezidenti ilə Gürcüstan Baş nazirinin təkbətək görüşü oktyabrın 24-də Mtsxeta rayonundakı (Tbilisi yaxınlığında) Muxrani sarayında (Château Mukhrani) keçirilib.

Görüşdən sonra Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar.

Sərgidəki fotolar professor Eldar Nadiradzenin rəhbərliyi ilə Gürcüstan Milli Muzeyinin fondundakı Qarabağ xanlığına aid artefaktlar əsasında tərtib edilmiş “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitab-albomundan götürülüb. Kitab Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə nəşr edilib.

Kitabda çar Rusiyası dövründə Qarabağda həyata keçirilən ekspedisiyalar zamanı toplanaraq Tiflisdəki Qafqaz Muzeyində – indiki Gürcüstan Milli Muzeyində saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın fotosu yer alıb. Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına aid artefaktlar ilk dəfə kataloqlaşdırılaraq bu nəşrdə təqdim edilir. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsviri, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçalar, XIX əsr Şuşa şəhərinin, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının görüntüləri, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsənqulu xan Qacarın, Fətəli şah Qacarın portretləri və s. var. Kitab-albom Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

“Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

“Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq” deyən İrakli Qaribaşvili görüşdə bu münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də dünyada və regionda baş verən mühüm prosesləri müzakirə etdiklərini diqqətə çatdırıb.

“Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzda mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”, – deyə o bildirib.

Gürcüstanın Baş naziri bu kontekstdə Azərbaycan Prezidentinin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə ötən ay Praqada irəli sürdüyü təşəbbüsü  dəstəklədiyini vurğulayıb.

Qeyd edib ki, Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır: “Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik”.

İrakli Qaribaşvili çıxışının sonunda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sözlərini xatırladıb: “Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə bu il bir neçə dəfə, o cümlədən iki dəfə Azərbaycanda səfəri zamanı görüşdüyünü qeyd edərək bildirib ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri çox dərin ənənələr üzərində qurulub: “Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı Baş nazirə məlumat verdiyini deyən İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün beş əsas prinsipdən ibarət təkliflərini qarşı tərəfə təqdim edib. Əgər sülh müqaviləsi imzalanarsa, Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranacaq: “Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

Azərbaycanın Gürcüstanla birgə həyata keçirdiyi irimiqyaslı layihələrə əlavə olaraq yeni təşəbbüslərin də olduğunu deyən Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin, Gürcüstan üzərindən Avropaya qaz ixracatının, habelə Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artırılması və hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadənin mümkünlüyünü qeyd edib.

“Bizim Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək... Bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.