Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasında görkəmli saz-söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunan “Haqq aşığı” sənədli filmi çəkilib.

2021-ci ildə, dövlət başçısının Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması haqqında sərəncamına əsasən lentə alınan filmin rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğlu, təsvir rejissoru Üzeyir Abbas, rəssamı Şahin Həsənli, musiqi tərtibatçısı Azər Hacıəsgərli, montaj rejissoru Mübariz Nağıyev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur. Filmdə Aşıq Ələsgər obrazını aşıq Təbriz Vəliyev canlandırır.

Oktyabrın 20-də Nizami Kino Mərkəzində “Haqq aşığı” filminin təqdimatı keçirildi. Tədbirdə elm, ədəbiyyat və mədəniyyət xadimləri, tanınmış aşıqlar iştirak edirdilər.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Aşıq Ələsgərin yaradıcılıq yolundan, saz-söz sənətinə verdiyi töhfələrdən danışdı. Diqqətə çatdırdı ki, Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb. Erkən çağlardan el məclislərində nağıllara, dastanlara böyük maraq göstərib. Tanınmış aşıqların məclisləri onda saza, sözə ciddi maraq oyadıb.

Elnur Əliyev qeyd etdi ki, Aşıq Ələsgərin yaradıcılığında nəsihət məzmunlu şeirlər, ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan “Gərəkdi”, “Olmaz” və digər şeirləri xalq müdrikliyini əks etdirməklə sənətkarın böyük həyat təcrübəsindən xəbər verir.

Bildirildi ki, Aşıq Ələsgərin həyat və yaradıcılığının əhəmiyyətli bir hissəsi Kəlbəcər rayonu ilə bağlıdır. Sənətkar haqqında lentə alınan filmin çəkilişləri Türkiyə, Bakı, Gədəbəy, Qazax və digər bölgələrlə yanaşı, işğaldan azad olunmuş Kəlbəcər ərazisində də aparılıb.

Filmin rejissoru Nizami Abbas ekran işi haqqında məlumat verdi, yaradıcı heyəti səhnəyə dəvət edərək tamaşaçılara təqdim etdi.

Çıxışlardan sonra film nümayiş olundu. Göycə və Kəlbəcər ellərinin yurd yerləri, göz oxşayan enişli-yoxuşlu, laləli, nərgizli yamacları göz önünə gəldi. Görkəmli sənətkar çiynində sədəfli sazı, ləngərli addımlarla üzü yuxarı yamacla irəliləyir. Doğma torpağın göz oxşayan, könül açan füsunkar gözəlliyindən ilhamlanaraq sazı bağrına basır. Hiss və duyğuları tərpədən musiqi sədaları dalğa-dalğa ətraf aləmə yayılır. Axarlı-baxarlı, toylu-düyünlü günləri göz önünə gəlir.

Savalan Fərəcov