Xəbər verdiyimiz kimi, Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” maraqlı tədbir, görüş və təqdimatlarla yadda qalıb.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, iki ölkənin mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər Daşkəndlə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərində də keçirilib.

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Səmərqənd şəhərinin Gənclər sarayında möhtəşəm tədbir keçirilib. Səmərqənd vilayət rəhbərinin müavini Rustam Kabilov iki ölkə arasında tarixi, mədəni və iqtisadi sahədə münasibətlərdən danışıb. Prezident İlham Əliyevin Özbəkistana səfəri, Səmərqənd şəhərini ziyarət etməsini məmnunluqla xatırladıqlarını, ötən illərdə Səmərqənd vilayət hakimiyyəti nümayəndələrinin Azərbaycanın Qəbələ şəhərinə səfəri və burada faydalı görüşlər keçirməsi, Azərbaycan-Özbəkistanın vilayətləri, bölgələri arasında əməkdaşlığın genişlənməsindən razılığını ifadə edib.

AMM-in direktoru Samir Abbasov öz çıxışında iki ölkə arasında yüksək səviyyəli münasibətlər, mədəni əlaqələr, keçirilən mədəniyyət günləri haqqında danışıb. O, Özbəkistanın, Türk dünyasının gözəl şəhəri, Şərqin incisi, Əmir Teymurun vətəni, tarixi İpək Yolu üzərində yerləşən Səmərqənd şəhərinin daim qardaş Azərbaycanla, onun şəhərləri ilə əlaqəli olduğunu, Gəncə, Şamaxı, Bakı və digər şəhərlərimizlə iqtisadi, ticarət və mədəni əlaqələr qurduğunu bildirib. S.Abbasov azərbaycanlıların daim Səmərqəndin mədəni həyatında fəal iştirak etdiklərini vurğulayaraq XX əsrin əvvəllərində bu şəhərdə yaşayıb-yaratmış məşhur pedaqoq, tərcüməçi və naşir Seyid Rza Əlizadənin Türküstanda xalqın maariflənməsi, elmin, təhsilin inkişafında misilsiz xidmətlərini qeyd edib.

Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva özbək və Azərbaycan xalqlarının bütün istiqamətlər üzrə, o cümlədən mədəni əlaqələrinin yüksək səviyyəsinin qürurverici olduğunu söyləyib. O, 21 oktyabr – Özbək Dili Bayramı münasibətilə təbriklərini çatdırıb.

Millət vəkili Səmərqənd şəhərinin Türk dünyası arasında əhəmiyyətini qeyd edərək, gələn ay Türk Dövlətləri Təşkilatı dövlət başçılarının sammitinin bu şəhərdə keçiriləcəyini bildirib. Çıxışının sonunda Q.Paşayeva 30 illik erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarında növbəti belə tədbirlərin keçirilməsini arzulayıb.

Səmərqənd vilayəti Azərbaycan diaspor təşkilatının rəhbəri Adilağa Mirzəyev tədbiri mühüm hadisə adlandırıb və bunun üçün Azərbaycan dövlətinə, Özbəkistanda ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti, xanəndə Gülyanaq Məmmədova və Əməkdar artist, tarzən Sahib Paşazadə, habelə AMM-in nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının çıxışları alqışlarla qarşılanıb.

***

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində nümayəndə heyətimizlə Buxara, Nəvai və Səmərqənd vilayətlərindəki Azərbaycan diaspor təşkilatları rəhbərlərinin görüşü keçirilib. Görüşdə AMM-in layihəsi ilə ölkəmizə aid Azərbaycan və özbək dillərində nəşr olunmuş kitablar diaspor təşkilatlarımıza hədiyyə edilib.

Layihə çərçivəsində azərbaycanlı naşir, pedaqoq, elm xadimi Seyid Rza Əlizadənin Səmərqənddə heykəlinin ucaldılması, Buxarada tanınmış azərbaycanlı elm xadimi Yusif Qarabağinin isə məqbərəsinin yenidən qurulması və məqbərə ətrafı ərazidə abadlıq işlərinin aparılması özbək tərəfi ilə müzakirə olunaraq razılaşdırılıb.