Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) qabaqcıl təcrübələrin öyrənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyəti davam edir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Höte İnstitutu tərəfindən icra olunan #EU4Culture layihəsi çərçivəsində fərdi mobillik proqramının ilk mərhələsinin qalibi kimi AYSF İdarə Heyətinin sədr müavini Telman Məlikzadə Çexiyanın Kreativ Praqa (Kreativní Praha) təşkilatının dəvəti ilə bir həftə ərzində bu ölkədə təcrübə və öyrənmə səfərində olub.

Federasiyadan bildirilib ki, səfər proqramı çərçivəsində Çexiyanın Mədəniyyət Nazirliyində, UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olan Praqada  – “Praqa ədəbiyyat şəhəri” layihə əlaqələndirmə ofisində, Praqa İnnovasiyalar Platformasında, Çarls Universitetinin Kampus Hybernska kreativ habında, Art&Digital Lab H40 yaradıcılıq inkubator mərkəzində, Ostrava şəhərinin kreativ klasteri olan Dolni Vitkovica məkanında və digər yerlərdə görüşlər keçirilib.

T.Məlikzadə Brno şəhərində Kreativ günlər festivalının açılışına da qatılaraq, Kumst kreativ habın təşkilatçılığı ilə keçirilən şəbəkələşmə görüşündə ölkəmizdə yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlar, #EU4Culture layihəsinin bu istiqamətdə açdığı imkanlar, yerli şəhərlər üçün mədəni inkişaf strategiyalarının inkişafı üzrə müsabiqənin qalibi olmuş “Lənkəran mədəni inkişaf strategiyası” layihəsi haqqında çıxış edib.

Avropa Yaradıcı Biznes Şəbəkəsinin direktoru Gerin Trautenberger ilə görüşdə AYSF-nin Avropa Yaradıcı Biznes Şəbəkəsinə (ECBN) üzvlüyü müzakirə edilib. Nəticə olaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ECBN-yə üzv qəbul olunub.

AYSF ölkəmizdə mədəniyyət, incəsənət və yaradıcılıq sahəsində fəaliyyət göstərən menecerləri və yaradıcı gəncləri #EU4Culture proqramının növbəti mərhələlərində fəal olmağa, öyrənmə və təcrübə qazanma imkanlarından yararlanmağa dəvət edir.