Daşkəsən rayonunun Aran Zəylik kəndi ərazisində yerləşən qədim alban məbədində bir neçə şəxsin vandalizm əməlinin qarşısı alınıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti əməkdaşlarının yerli hüquq-mühafizə orqanlarına müraciəti əsasında tarixi tikilidə qızıl axtaran və bu məqsədlə ərazidə qanunsuz qazıntı aparan şəxslər yaxalanıb.

DİN Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib ki, polis əməkdaşları dərhal həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Məlum olub ki, Sumqayıt şəhər sakinləri Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəlib və müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlayıblar.

Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.