Oktyabrın 27-də ADA Universitetində “Nizami Gəncəvi: şair və müdrik. Dəyərlər və müdrikliyə aparan yol” adlı tədbir keçirilib.

ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətini qeyd edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin çıxış edərək görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin irsindən danışıb. Bildirib ki, Nizami Gəncəvi irsi qlobal səviyyədə tanınıb və qəbul edilib. Həmçinin bu irs bu günədək aktualdır. Nizami Gəncəvi öz yaradıcılığında elə bəşəri dəyərlərə toxunub ki, bu gün həmin dəyərlər daha vacib əhəmiyyətə malikdir.

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti olmuş Volkan Bozkır dünyanın üzləşdiyi müxtəlif təhlükələrdən və çətinliklərdən söz açıb, COVID-19 və onun ağır nəticələrini xüsusi vurğulayıb. Rusiya-Ukrayna müharibəsindən söz açan Volkan Bozkır bildirib ki, onun nəticələri təkcə iki ölkəyə deyil, bütünlüklə planetə təsir edir. Bu gün dünyada ərzaq təhlükəsizliyi ciddi problemə çevrilib. Müxtəlif ölkələr ərzaq çatışmazlığı ilə üzləşirlər. Yüz illər əvvəl Nizami Gəncəvi öz yaradıcılığında bu problemlərin bəzilərinə toxunmuşdu. Nizami yaradıcılığının fəlsəfəsi həm də ondan ibarətdir ki, bəşəriyyət həmrəylik sayəsində böhranların öhdəsindən gələ bilər.

Tədbirdə daha sonra ICESCO-nun sabiq prezidenti Əbdüləziz bin Osman əl-Tuveycri, Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya da çıxış edərək bu il 10 illik yubileyini qeyd edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin şairin yaradıcılığının dünyada tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd edilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti beynəlxalq səviyyədə problem və çağırışlara cavab tapmağa imkan verir.

Tədbirdə beynəlxalq əhəmiyyət daşıyan mövzular müzakirə edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.