Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki Bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Görüşdə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar 2030-cu ilə qədər qarşıya qoyulmuş hədəflərə nail olacağına əminlik ifadə edilib. Ölkəmizin BMT-nin Cenevrə Bölməsi yanındakı strukturları və ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığı qeyd olunub. Bundan əlavə, Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi könüllü maliyyə töhfələri, həmçinin donor təşəbbüslərini dəstəkləməsi məsələləri vurğulanıb. COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Dünya Səhiyyə Təşkilatının xətti ilə 80-dən çox ölkəyə göstərdiyi humanitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirilib.

Görüşdə BMT-nin Cenevrədəki Bölməsi rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş fotosərginin əhəmiyyətinə toxunulub. Tatyana Valovaya bildirib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermiş Azərbaycan qadınlarını təşviq edir və ilk olaraq Bakıda təşkil edilən bu tədbir mütəmadi şəkildə digər ölkələrdə də keçiriləcək.