Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti  24-26 oktyabr tarixində Albaniyanın paytaxtı Tiranaya səfər edib. Səfər Azərbaycanın Albaniyadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının (23 sentyabr 1993-cü il) 30 illiyi çərçivəsində mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, nazir müavini xanım Meri Kumbe, Avropa və xarici işlər nazirinin müavini xanım Artemis Malo və Tirana Bələdiyyəsi başçısının müavini Keti Luarasi ilə rəsmi görüşlər keçirib.

Görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin xüsusi əhəmiyyəti və xalqlarımız arasında dəyərlərin oxşarlığı vurğulanıb, eyni zamanda hər iki tərəf mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu ifadə edib.

Elnur Əliyev Azərbaycan mədəniyyətinin tarixi, ölkəmizin müasir dövrdə mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və bu kontekstə ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu haqqında söz açıb.

Bununla yanaşı, Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad edilməsi, həmin ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəniyyət abidələrimizin vəziyyəti, aparılan bərpa və yenidənqurma işləri, o cümlədən mədəni irsin bərpası haqqında geniş məlumat verilib.

Eyni zamanda qarşı tərəfin təşəbbüsü əsasında Albaniyada Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsinin təfərrüatları müzakirə edilib. Bildirilib ki, iki ölkənin mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması baxımından bu tədbir xüsusi önəm daşıyacaq. Həftə çərçivəsində  ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən konsert və sərginin təşkili, Azərbaycan filmlərinin nümayişi və digər mədəni proqramların təqdim olunması nəzərdə tutulur.

Görüşlərdə Bakıda ikinci dəfə keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumu haqqında məlumat verilib və Albaniya tərəfinin tədbirdə iştirakının vacibliyi vurğulanıb.

Səfər müddətində Albaniyanın Milli Tarix Muzeyi, Milli Kitabxanası, Milli Opera Teatrı və Milli Film Mərkəzinin rəhbərləri ilə görüşlər keçirilib və həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq olub. Görüşlərdə Azərbaycan mədəniyyətinin Albaniya ictimaiyyətinə təqdim edilməsi və birbaşa əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb, habelə, bir sıra birgə layihələr müəyyənləşdirilib.

Səfərin son günü Elnur Əliyev “Euronews Albaniya” kanalına geniş müsahibə verib. Müsahibədə Azərbaycan-Albaniya münasibətləri, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, torpaqlarımızın işğaldan azad olunması, həmin ərazilərdə işğal dövründə törədilən vandalizm, hazırda bu torpaqlarda aparılan bərpa və quruculuq işləri, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olması və orada keçirilən müxtəlif mədəni tədbirlərin əhəmiyyəti, habelə 2023-cü ildə Albaniyada keçiriləcək Azərbaycan mədəniyyəti həftəsi haqqında söz açılıb.