Professor Mehmet Öz: “Azərbaycandan da Türk Ocaqları Birliyinin yaradılmasına töhfə verən ziyalı mütəfəkkirlər olub”

 

Türkçülük ideologiyasına xidmət edən insanları öz ətrafında birləşdirən Türk Ocaqları Dərnəyi Türkiyədə hələ Osmanlı dönəmində, 1912-ci ildə qurulub. Mərkəzi ofisi Ankarada yerləşən təşkilatın qurulmasında və fəaliyyətində Türk dünyasının müxtəlif yerlərindən, o cümlədən Azərbaycandan mütəfəkkir ziyalıların, ictimai-siyasi xadimlərin də böyük rolu olub. Qısa müddətlik Azərbaycanda da fəaliyyət göstərən dərnək bu günlərdə yenidən qurulub. Türk Ocaqları Dərnəyi bu il 110 yaşını qeyd edir. Bu münasibətlə qurumun baş direktoru, professor Mehmet Özlə həmsöhbət olduq. Onu da qeyd edək ki, dərnəyin binası Ankarada Türk Ocaqları küçəsində yerləşir.

 

– Mehmet bəy, 110 yaşlı Türk Ocaqları Birliyi günümüzə qədər necə bir yol keçib?

– Türk Ocaqları Birliyi Türkiyənin ən qədim, kökü ictimai qurumlarından biridir, Osmanlı imperiyasının son dönəmində bir türkçülük cərəyanı olaraq yaradılıb. Türkiyədəki türkçülük ideyaları, əslində, XIX əsrdən başlayır. Dünyanın bir çox yerlərində milliyyətçilik düşüncələri özünü büruzə verib ki, Türkiyədə də bu olub. Yunanlar, serblər, ərəblər öz millətlərinin varlığını qabardınca Osmanlıda türkəsilli gənclər də öz milli kimliklərini bildirmək istəyiblər.

O dönəmlərdə Cənubi və Şimali Azərbaycandan, Krım, Kazan, Rusiyanın başqa şəhərlərindən, Özbəkistan və digər yerlərdən aydın fikirli türklər Türkiyə ilə mütəmadi təmasda olurdular, bəziləri İstanbulda təhsil alır, bəziləri gəlib-gedirdi, bəziləri də Türkiyədə müəllimlik edirdi. Məsələn, Kazan türkü Yusuf Akçura, Azərbaycandan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və sairə. Türk ocaqlarının yaradılmasında gənclərə dəstək verən, öndərlik edən bu ziyalılar olub. Rusiya müsəlmanları arasında “cədidçilik” (yeniləşmə) cərəyanının öndərlərindən olan İsmayıl Qaspıralı bu ocaqda əvəzsiz xidmətlər göstərib. Türkçülük cərəyanın inkişafında Məhəmməd Əmin Rəsulzadənin də rolu olub. Təbii ki, Türkiyədə də bu cərəyanın fəalları var idi. Məsələn, “Mən bir türkəm, dinim, cinsim uludur” misrası ilə başlayan məşhur şeirin müəllifi Məmməd Əmin Yurdakul, dilimizdə gəlmə sözlər deyil, təmiz türkcənin istifadə olunmasının tərəfdarı olan Ömər Seyfəddin də türkçülük, hətta turançılıq ideyalarının daşıyıcılarından idi. Beləcə, 1908-ci ildən başlayaraq hərəkətlənən türkçülük cərəyanı 1911-ci ildə hərbi tibb üzrə təhsil alan bir qrup tələbənin Türkiyədə türk millətinin yüksəlməsi üçün türkçülərə məktub yazması ilə sürətlənib. Sonradan digər gənclər də bu təşəbbüsə qoşulublar və qurum fəaliyyətə başlayıb. Amma rəsmi fəaliyyət 25 mart 1912-ci ildən başlanıb.  Qurumun ilk rəhbəri Məmməd Əmin Yurdakul olub. O dönəmin, ziyalılarının, millət vəkillərinin əksəriyyəti türk ocaqlarında yetişib.

 

– Osmanlının hədsiz zəiflədiyi vaxtlarda qurumun fəaliyyəti də maraqlıdır...  

– Birinci Dünya müharibəsindən (1914-1918) sonra Osmanlı dövlətinin süqutunun sürətləndiyi zaman iki dəfə İstanbul, bir dəfə İzmir şəhərləri işğala məruz qalarkən bu şəhərlərin azad edilməsi üçün türk ocaqları fəallarının rəhbərliyi ilə böyük etiraz aksiyaları keçirilib. Hətta ingilislərin işğalından sonra türk ocaqlarının Əhməd bəy Ağaoğlu, Ziya Göyalp kimi öndərləri Maltaya sürgün ediliblər.

1922-ci ildən 1931-ci ilədək Türkiyədə ən fəal dərnək olan bu qurumun 270-dən çox şöbəsi olub. Təhsil, sənətkarlıq kursları, humanitar dəstəklər, mədəniyyət, teatr dərnəklərinin, konfransların və başqa tədbirlərin təşkili kimi çox geniş fəaliyyət sahələri olub. Mustafa Kamal Atatürkün də ən çox dəstək verdiyi, həyat yoldaşı Lətifə xanımın da fəxri rəhbərlərindən olduğu bu təşkilatın üzvlərinin sayı həmin dövrdə Cümhuriyyət Xalq Partiyası (CHP) mənsublarından da çox olub. O zaman Atatürk milli qüvvələrin bir arada toplanmasının tərəfdarı olduğunu bildirib və bu təşkilat 1931-ci ildə qapanıb.

 

– Başqa bir səbəb də olubmu?

–  Təbii ki, o zamanlar Rusiya amili də vardı. 1931-ci ildən sonra, indiki ifadə ilə desək, QHT kimi yox, dövlət təşkilatı olaraq ayrıca fəaliyyət göstərməyə başlayıb. Doğrudur, Türk Ocaqları siyasi addım olaraq bağlanıb, amma bundan sonra da dövlətə xidmət edib. Türk Ocaqlarının nəzdində 1931-ci ildə Türk Tarix Qurumu, 1932-ci ildə Türk Dil Qurumu yaradılıb. Qurumun öncüllərindən olan Yusuf Akçura Türk Tarix Qurumuna rəhbərlik edib. Türk Ocaqlarının yerini xalq evləri əvəz edib. Amma Atatürkün Türk Ocaqlarından qaynaqlanan türk tarixini və dilini öyrənmək, Türk dünyası ilə bağlı fəaliyyət planları davam edib.

 

– Yeri gəlmişkən, Atatürkün ən çox önəm verdiyi “Günəş dil nəzəriyyəsi” olub. Bu nəzəriyyəyə görə, türk dili dünya tarixində ilk dillərdən biridir. Əhməd bəy Ağaoğlu da türklük tarixinin qədim olması düşüncəsinin daşıyıcılarından olub. Hətta Ağaoğlu “Etrusk sivilizasiyası və onların Roma sivilizasiyasına təsiri” adlı kitab da yazıb. Amma nədənsə sonralar bir çox dilçilər Atatürkün bu nəzəriyyəsinə qarşı çıxıb. Bu məsələ Türk Ocaqları Birliyində necə qarşılanıb?

– Bəli, türklük tarixinin və türk dilinin çox qədim olması ilə bağlı Atatürkün ideyaları olub. O fəaliyyətlər Türk Dil və Türk Tarix qurumlarında bir müddət davam edib, sonralar diqqətdən kənarda qalıb. Amma o dövrün şərtləri bu təşkilatın bağlanmasını tələb edirdi. 1949-cu ildə Türk Ocaqları yenidən açılıb, məhdud dairədə olsa da, fəaliyyət göstərib. Təşkilatın nəşri olan “Türk yurdu” dərgisi də zamanla fəaliyyətini dayandırıb. 1980-ci il dövlət çevrilişinə cəhddən sonra jurnal bərpa olunub və bu günədək fəaliyyətini davam etdirir. 1966-cı ilə qədər quruma Türk dünyasının tanınmış simalarından keçmiş təhsil naziri Həmdullah Sübhi Tanrıövər kimi türkçü sədrlik edib. Onu da deyim ki, 19 il bu təşkilatda rəhbər olan  Həmdullah Sübhi həm də Mehmed Akif Ersoyun yazdığı “İstiqlal marşı”nın Türkiyə üçün himn qəbul edilməsində böyük rol oynayan şəxsdir.

Hazırda jurnalist dostumuz Akif Aşırlı Azərbaycanda Türk Ocaqlarına rəhbərlik edir. Bu qurum Azərbaycan dövlətinə məxsus ayrıca bir qurum olsa da, Akif bəy həm də bizim təşkilatın təmsilçisidir. Keçən il türkdilli dövlətlərin müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar Bakıda simpozium keçirdik. Bizim hazırda İraq, Suriya və Balkan ölkələrində də təmsilçiliklərimiz var.

 

– Orta Asiya ölkələri ilə necə, əlaqələriniz varmı?

– Nizamnaməyə uyğun olaraq xarici ölkələrdə şöbə açmaq hüququmuz yoxdur, amma təmsilçiliklərimiz ola bilər. Orta Asiya ölkələrində də təmsilçiliklər açmağı düşünürük.

 

– Rusiyanın tərkibində onlarla muxtar türk respublikası var. Bu ölkədə hətta bəzi araşdırmalarda 100-dən çox türksoylu xalqın yaşadığı qeyd olunur. Hazırda Rusiyada Dükha türklərinin nəsli tükənmək üzrədir, sayları 280 nəfərdir. Çulım türklərindən 365 nəfər qalıb. Rusiyada yaşayan türk topluluqları ilə əlaqələriniz varmı?

– Bizim təşkilatın Rusiyada fəaliyyət göstərməsi bu ölkənin siyasətinə uyğun deyil. Amma biz məsələn, Dağıstandakı türklərlə əlaqə saxlayırıq, dini bayramlar zamanı təşkilatımızın imkanları daxilində, kiçik də olsa, sovqatlar göndəririk.

Belə bir deyim var: Rusiya ərazisində yeri qazarsan, altından türklük mirasları çıxar. Amma bizim başqa ölkələrin dövlətçilik siyasəti ilə işimiz yoxdur, yalnız mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Türkiyənin Rusiya ilə, Çinlə yaxşı əlaqələri var. Məqsədimiz bu münasibətlərin daha da möhkəmlənməsinə dəstək vermək şərtilə o coğrafiyalarda yaşayan türklərlə də əlaqələrimizi möhkəmləndirməkdir. Onların hər hansı bir problemi olursa, mənəvi dayaq oluruq və problemlərini dilə gətiririk.

 

– Qərb ölkələrində də türklər az deyil, onlarla əlaqələrinizi hansı şəkildə qurmusunuz?

– Biz dünyanın harasında türk varsa, həm də yalnız türklər deyil, bizə ümidini bağlayanlar, məsələn, Osmanlı dönəmində müsəlmanlığı qəbul eləyən, bizdən pənah gözləyən bosniyalılara da sahib çıxırıq. Liviyada ata-babaları türk olan Kuloğulları var, onlar özlərinə Koroğulları, bəziləri də Qoroğulları deyirlər, amma dilləri unudulub, türkcə bilmirlər. Suriyada, Sudanda, Əlcəzairdə, Tunisdə, Afrikanın başqa yerlərində türk əsillilər var. Latın Amerikasına Türkiyədən gedən ermənilər özlərinə “Əl-türko” deyirlər.

Türkiyədən Yunanıstana gedən karamanlılar da türk kökənlidir. Çin, Hindistan, Pakistan və Əfqanıstanda da türklər yaşayır, hətta bəzi coğrafiyalarda türklüklərini tamamilə unudublar. Bunları sadalamaqla biz bütün dünyanın türk olduğu iddiasında deyilik. Olanlar bizə yetər. Amma türklər çox hərəkətli millət olduğu üçün dünyanın hər yerində iz buraxıblar.

 

– Mehmet bəy, 9-12 oktyabrda Ərzincanda Beynəlxalq Türk Dünyası Simpoziumu keçirildi və önəmli mesajlar verildi, hətta türklərin ortaq vətəndaşlıq məsələsi də müzakirə edildi. Bu simpoziumu necə dəyərləndirirsiniz?

– Bu tədbirə dəvət edilmişdim, amma mən eyni zamanda universitetdə dərs dediyim üçün, təəssüf ki, iştirak edə bilmədim. Tədbiri mediadan izlədim və çox yüksək dəyərləndirirəm. 2009-cu ildə Naxçıvan Sazişi ilə türk dövlətləri arasında birliyin möhkəm təməlləri atıldı – Türk Şurası yaradıldı. Keçən il bu qurum Türk Dövlətləri Təşkilatına çevrildi. İnanıram ki, bu birlik daha da böyüyəcək, qüdrətlənəcək. Şimali Kipr də üzv olacaq.

Türkiyə ilə Azərbaycan arasındakı çox yaxın, sıx qardaşlıq münasibətinin olması Türk dünyasındakı əlaqələri daha da möhkəmləndirir. Zəngəzur dəhlizinin açılması ilə bu sahədə böyük dəyişikliklər olacaq.

Amma qarşıda görüləsi çox iş var. Əsas olan türk dövlətlərinin güc birliyidir. Türk dövlətləri arasında ortaq vətəndaşlıq məsələsi də çox vacibdir. Türkdilli dövlətlərdən gələn tələbələrin təhsilinin asanlaşdırılması, türkdilli ölkə vətəndaşlarının digər türkdilli ölkədə iş təminatı, eləcə də ortaq hüquq, ortaq tarix, ortaq əlifba və s. məsələləri həll etmək üçün var gücümüzlə çalışmalıyıq.

 

– Bu prosesə Türk Ocaqları Birliyi, necə dəstək verə bilirmi?

– Türk Ocaqları Birliyi də bu istiqamətdə bacardığı qədər dəstəyini əsirgəmir. Yüzədək şöbə və təmsilçiliklərimiz var. Biz mədəni-mənəvi, elm və təhsil istiqamətlərində türk xalqlarını aydınlatmağa çalışırıq. Türkiyənin Ankara, İstanbul, Kayseri və başqa böyük şəhərlərində akademik məruzələr təşkil edirik. Bütün dünya türkləri ilə bağlı araşdırmalar bizim maraq dairəmizdədir. 

Mehparə Sultanova
Ankara