Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Xatirə Kitabı” redaksiyası tərəfindən nəşr olunan “El harayına can deyən şəhid Elcan” kitabının təqdimatı keçirilib. Elvin Arifoğlunun müəllifi olduğu kitab şəhid Elcan Muradovun həyat yolundan bəhs edir.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov tədbiri açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 2020-ci ilin Vətən müharibəsində qazandığı Zəfərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu deyib. Vurğulayıb ki, son iki əsrdə tarixi torpaqlarını parça-parça itirən Azərbaycanın bu savaşda torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpası gələcək nəsillərə örnək bir qəhrəmanlıq salnaməsidir. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi qalacaq.

Şəhid Elcan Muradov haqqında kitabın əhəmiyyətini qeyd edən Aslan Cəfərov xalqımızın qəhrəman övladlarının xatirəsini əbədiləşdirmək kimi bir şərəfli missiyanı yerinə yetirən Respublika “Xatirə Kitabı” redaksiyasının heyətinə təşəkkürünü bildirib.

“Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova 2017-ci ildən başlayaraq “Bakı-Xəbər” qəzeti ilə birlikdə “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini həyata keçirdiklərini və layihə çərçivəsində 10-a yaxın kitabın işıq üzü gördüyünü diqqətə çatdırıb, bu cür nəşr layihələrinin gələcəkdə də davam etdiriləcəyini deyib.

Əməkdar jurnalist Zemfira Məhərrəmli gənc müəllifin qələmə aldığı kitabın məziyyətləri, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışıb.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxış edərək 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin təqdirə layiq olduğunu bildirib, belə kitabların daha geniş oxucu auditoriyasına çatdırılmasının zəruriliyini vurğulayıb. O, həmçinin “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından çap olunan kitabların elektron variantlarının hazırlanaraq əsas fəaliyyət istiqaməti gənclərlə iş olan Respublika Gənclər Kitabxanasının elektron kitabxanasında yerləşdirilməsini təklif edib.

Kitabın müəllifi Elvin Arifoğlu da çıxış edərək nəşrin ərsəyə gəlməsində ona dəstək olan “Xatirə Kitabı” redaksiyasının kollektivinə təşəkkürünü bildirib.

Sonda müəllifin kitabları kitabxanaya və qonaqlara hədiyyə edilib.