Milli Azərbaycan Tarixi Muzeyində “Azad Şuşanın ilk qarı” adlı fotosərgi təşkil edilib.

Oktyabrın 28-də açılışı olan sərgidə muzeyin əməkdaşı, tanınmış fotoqraf Mirnaib Həsənoğlunun Vətən müharibəsindən sonra – 2020-ci il dekabrın 18-də azad Şuşaya yağan ilk qarın təsvirləri olan fotoları nümayiş olunur.

Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova sərgi haqqında ümumi məlumat verib.

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov nümayiş edilən fotoların tarixi önəmindən danışıb. Qeyd edib ki, Mirnaib Həsənoğlunun çəkdiyi fotolar doğma Şuşanın qış fəslində möhtəşəm mənzərəsini insanlara çatdırır: “Sərgi çox rəmzi dövrə təsadüf edir. Həm “Şuşa İli”nə, həm də Zəfərimizin ikinci ildönümünə həsr olunub. Bu sərgi bütün ziyarətçilərin marağına səbəb olacaq”.

F.Cabbarov fotoqrafa gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Mirnaib Həsənoğlu çıxış edərək nümayiş olunan fotoların ərsəyə gəlməsindən söz açıb. Bildirib ki, sərgidə 50-dən artıq foto yer alır. Müəllif tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.