"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyi "Hüsnü-üns" adlı yeni yaradıcılıq layihəsinə başlayıb.

Təqdimat tədbirində layihənin rəhbəri, gənc könüllü, qrafik dizayner, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı Elbəy Əliyev, İB-nin İdarə heyətinin üzvləri, könüllü rəssamlar və qonaqlar iştirak ediblər.

Elbəy Əliyev bildirib ki, "Hüsnü-üns" layihəsinin məqsədi insan duyğularının ifadə vasitəsi olan incəsənətin "Cığır" İB-nin əmanətləri və könüllüləri tərəfindən cəmiyyətdə fərdlərarası gözəl ünsiyyətin qurulmasına, incə duyumun, əmin-amanlığın yayılmasına və bərqərar olmasına töhfə verən bir mühit formalaşdırmaqdır.

Tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğunun baş memarı Qumru Mirzəliyeva, qum üzərində rəsmlər çəkən, bir çox ölkələrdə Azərbaycanı təmsil edən rəssam Lalə Hüseynzadə, “Casa De Art”ın rəhbəri, rəssam Pərvinə Əli çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.

Rəssamlar tədbir boyu kətan, boşqab və fincanlar üzərində gözəllik mövzusunda qabiliyyətlərini nümayiş etdiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, layihə "Cığır" İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant qalibi – "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində gerçəkləşir.