Yaxud vücuddakı qəlpələrin sevinci

 

– Salam, xanım.

– Biletinizi göstərin, keçin.

– Yox, qonağımı gözləyirəm, gəlsin, birlikdə keçərik.

– Yaxşı, heç olmasa, kölgədə dayanın. Gün vurar sizi...

– Narahat olmayın.

Hərbi Qənimətlər Parkı yenə insan axınına məruz qalmışdı. Xeyli ziyarətçi qənimət hərbi texnikalar arasında dolaşır, şəkil çəkdirir, sevinc hisslərini ifadə edirdilər.

Ətrafa acgözlüklə göz gəzdirməyimdən nabələd olduğumu zənn edən gənc könüllü xanımın israrına və qayğıkeşliyinə gülümsədim, o da gülümsündü.

Avtomobillərin sürətlə şütüdüyü yola boylanır, sentyabr günəşinin səxavətində qızınmağa çalışırdım. Hə-hə, qızınmağa. Eh, o qızcığaz nə bilsin ki, mən içimdə necə üşüyürəm. Vallah, dramatikləşdirib eləmirəm. Həqiqətən də, üşüyürdüm. Bundan əvvəl film layihəsi zamanı bir neçə dəfə görüşüb, ayaqüstü söhbət etdiyim, savaşın hər üzünü görən qadınla söhbət, sözsüz ki, asan olmayacaqdı.

Həyəcan, narahatlıq iliyimə işləmişdi. Öz-özümə “Ovqat adamıdır, birdən gəlməz” deyib duruxdum. Sonra bu fikri beynimdən qovub “Yox, söz verib, gələcək” deyib gözümü qıydım, yola zilləndim. Yanılmamışdım, o gəlirdi. Yolu keçib, parkın böyük darvazasından içəri girdi. Bayaqdan nəzarətçi postunun qarşında dayanan polislər ayağa qalxıb nizamla düzüldülər. Parka yenicə daxil olan komandir də gənc əsgərlərinə təlimatını verdi. Ani qarğaşanın nizama düşməsi gənc könüllüləri lap çaşdırdı. Məni isə uşaq kimi sevindirdi. Hərbi salamlaşmalardan sonra mənimlə qısa hal-əhval edən zabit qonağım mərkəzdəki “Qarabağ Azərbaycandır!” yazılan lövhəyə doğru irəlilədi. Mən də arxasınca gedərkən dönüb gənc könüllülərə baxdım. Yenə gülümsəyirdilər, amma başqa bir ovqat ilə...

Hərbi Qənimətlər Parkında bir neçə dəfə olmuşdum. Bugünkü gəlişimin səbəbkarı ilə yenidən dolaşmağımın ayrı bir mənası vardı. Təsadüfi deyil ki, müsahibəni də xüsusi günə (27 sentyabr – Anım Gününə) məqsədli salmışdım. İstəyirdim onu iki il əvvələ qaytarım, oradan da Birinci Qarabağ savaşına atılan məsum qızcığazla “görüşdürüm”.

Beləliklə, həmsöhbətim, İkinci Qarabağ müharibəsinin ilk günündəki “silahdaşım”, hazırda Azərbaycan Silahlı Qüvvələrində müharibə veteranı kimi xidmətdə olan yeganə qadın hərbi qulluqçu, polkovnik Aliyə Piriyevadır. Ölkə başçısı İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. O, “Şücaətə görə” medallı (Dövlət Sərhəd Xidməti) yeganə qadın hərbi qulluqçudur. Sinəsini bundan başqa daha 13 medal bəzəyən, müharibənin hər üzünü görən və özü ilə savaşı heç vaxt bitirməyən mərd qadın.

...Biz səssizcə addımlayırıq. Ürəyimdə lap dilxor oluram. Söhbətə nədən başlayacağımı bilmirəm. Onun sərrast, az danışan, buna rəğmən, hazırcavablığına az-çox bələdəm, axı.

Ehtiyatla, bir az da özlüyümdə onu emosional tarıma çəkmək üçün gülə-gülə söhbətə giriş edirəm. “Məncə, siz müharibənin zərif qəhrəmanısız. Bu zərifliyi qadın olduğunuza görə demirəm. Siz çox incə, gülüşü məsum, baxışları ürkək və utancaqsınız. Çiyninizdəki ulduzları görməsəydim, heç inanmazdım” deyirəm. Gözlərini qıyıb gülümsəyir, sonra uzağa dikilmiş baxışlarını düz üzümə dirəyib qətiyyətlə “Döyüş yoldaşlarım da təsdiq edər ki, onlardan heç geri qalmamışam. Çünki müharibədə insan başqa cür olur. Bu təsvirim sizi yanıltmasın” dedi.

Dağılmış düşmən texnikalarından birinin qarşısında dayanıb söhbətimizə davam edirik: “Müharibə cəhənnəmdir və orada qiyamətin qanunları işləyir, humanizmin yox. Bax, bir neçə dəqiqə əvvəl deyib-güldüyün, arxalandığın, tikəni böldüyüm səngər yoldaşın bir anın içində yox olur. Sən heç onun yoxluğunu, ani can çəkişməyini, titrəyən dodaqlarında, xırıldayan boğazında ilişən son sözünü belə eşitmirsən, eşidə bilmirsən. İstəsən də onu qucaqlayıb, doyunca ağlaya, hönkürə bilmirsən. Çünki güllə yağış kimi yağır və səni yaşamaq üçün öldürməyə səsləyir. Müharibə budur, əzizim. Sən o faciənin içərisində özün ola bilmirsən. Nifrət, qəzəb və intiqam səni çarmıxa çəkir”.

Parkı ayaq saxlamadan gəzirik. Elə bil, o, nə isə axtarır. Diqqətinin dağınıq olması və yumruğunu bərk-bərk sıxmağından anlayıram. Tez söhbətin səmtini dəyişirəm.  Onsuz da hərbi texnikalar, silah-sursat, döyüş avadanlıqları, ümumən hərb sənayesi barədə bilgilərim azdır. Sırf Aliyə xanımı eşitmək, onu gündəlik hərbi (xidməti) formasından, dikdaban ayaqqabılarından “çıxarıb” mundirə, palçıqlı çəkmələrə, tətik çəkməkdən yağır olmuş barmaqlara, düyünlənmiş əllərə qaytarmaq üçün silahları, növlərini, dağıdıcı güclərini soruşuram. Daha doğrusu, özümü bilgili göstərmək istəyən uşağın yerinə qoyub, dayanmadan “Bunlar iriçaplı silahlardır, hə?”, “Bu top neçə kilometr vurur?” və s. suallar yağdırıram. O isə şagirdinə əlifba öyrədən müəllim həyəcanı ilə bir-bir izah edir. Üstəlik dodaqaltı gülür. Bunu gizləmək üçün də bir-iki addım öndə yeriyir. Üşənməyib təsəlli də verir: “Eybi yox, yavaş-yavaş öyrənərsən. Bax, bu...”. Mən isə ürəyimdə “Aliyə xanım, öyrənmək istəmirəm. Bu lənətə gəlmiş silahlarsız dünya lazımdır mənə. Kaş imkanım olardı, düşməndəki bütün silahları alıb, bax, belə dəmir parçası kimi muzey eksponatına çevirərdim. Axı, biz dünyanın ən humanist, sülhsevər xalqıyıq. Müharibə istəmirik” deyirəm.

Həssas qadındır. Ani ayaq saxlayıb üzümə baxır, nə düşünürsə kədərini gizlədən təbəssümlə “Əvəzində yaxşı şeylər öyrən. Məsələn, Qarabağda bitən çiçəklərdən, can dərmanı bitkilərdən, dünyanın heç yerində o qədər dadlı olmayan meyvələrdən. Heç çələng düzəltmisən? Mütləq öyrən”.

 

– Aliyə xanım, müharibənin rəngi nədir?

– Cəhənnəmin rəngi nədirsə, odur. Yəni od, alov və bir də qara. Müharibə həm də qandı, qırmızıdır. Əslində, o rəngi elə sevirdim ki. Amma neyləməli?! Baxın, lalənin də, qərənfilin də, qızılgülün də rəngi qırmızıdır. Yəni ən zərif çiçəklərin rəngindədir müharibə. Ona görə də rəngi dəyişib, odun çaları sanmaqla bir növ özümü ovuduram. Amma qara ilə alov birləşəndə cəhənnəmin rəngini anladır.

Həmsöhbətim birdən yenə gülüşünü tələsdirir, “Söhbətdir də edirik, başqa nə isə demək istəmirəm” deyir, tez yerindən qalxıb, yolun sağındakı texnikaya tərəf addımlayır. Bildirir ki, bu, zenit topudur. Bu an hansı çaplı silahla daha rahat davrandığını xəbər alıram. Deyir avtomatla.

Zərif qadının müharibədəki fiziki yükünü də soruşuram:

– Kəşfiyyat əməliyyatına üç günlük gedəndə 40 kilo olurdu. Avtomat və darağını saymıram hələ. Beş günlük gedəndə 50, bir həftəlik gedəndə isə 60 kiloluq. Hərə də öz yükünü sözsüz ki, özü daşıyırdı. Əslində 10-15 gün çəkən əməliyyatımız da olurdu. Amma normativimizi bir həftəlik götürürdük. Sözsüz ki, əməliyyat tapşırığının icrası nə qədər uzun çəksə də, biz dözməliydik. Qalanı Allah kərimdir.

Yenə sursatları həvəslə gözdən keçirib funksiyaları, imkanları, dağıdıcılıq gücü barədə danışır. İnsana və texnikaya hədəflənmiş silahları saydıqda lap beynim bulanır. Bunu da anında hiss etdiyindən “Əslində müharibədə hamı itirir. Udan da, uduzan da. Çünki yer üzünün əşrəfi insandırsa, ən çox da itirilən insandır. İtirilən istər şəxsi heyətin, istər texnikanın, istərsə də uçulub-dağılan kəndlərin, şəhərlərin bərpası illərlə uzanır. Çətin olur. Baxın, 30 ilin yaraları sağalmadı, əksinə, getdikcə daha çox incitdi” deyirəm.

Söhbətimiz indi-indi alınır və mən ürəyimdə buna da şükür edib “Müharibə təkcə itki deyil, həm də nəyinsə qazancı, öyrədənidir” bildirirəm. Razılaşır və sadalayır: “Müharibə mənə həyatı öyrətdi. Bir də itirdikcə dözməyi, ağladıqca gülümsəməyi, ağrıdıqca möhkəmlənməyi”. Sonra telefonunu qurdalayır. Bayaq söhbət əsnasında səngər yoldaşlarının şəkillərini göstərəcəyini demişdi. Onları tapır. Birlikdə baxırıq. Birdən tez-tez sürüşdürdüyü şəkillər arasında uzunsaçlı, əlvan donlu bir qız təsvirini görürəm. Təbii ki, özüdür və marağımı hiss edib cəld başqa şəklə keçir. İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərindən, təcrübəli zabitlərindən biri haqqında danışmağa başlayır. Növbəti cümləyə keçməyinə imkan verməyib “19 yaşında savaşa gedən, çiçəkli donunu mundir, dikdaban ayaqqabılarını sərt əsgər çəkməsi ilə dəyişən qız üçün qəribsəmirsiz ki?” etapına keçirəm. Deyir, istədiyiniz kimi bədiiləşdirə bilərsiniz. Amma mən heç vaxt nə başqa qızlar kimi bəzək-düzəyə, nə də ənlik-kirşana maraq göstərməmişəm. Heç indi də elə marağım yoxdur. Müharibəyə gedəndə yeniyetməliklə gəncliyin arasında bir insan idim. Amma müharibədən qayıdanda 22 yaşım vardı. Atəşkəs elan olunanda 21 yaşımı təzə tamam etmişdim. Amma elə bil içimdə 70 yaşında qoca oturmuşdu. Gedəndə cavan, qayıdanda qoca oldum. Zahirən cavan görünsəm də, batində düşüncəm də, həyata, insanlara baxışım da həyatının sonunu çağıran qarıya döndü. O proses çox çətin oldu. Ağır yaşadım. Özü də bu, məğlubiyyətin, itirməyin yox, başqa bir ağrı idi. Zaman-zaman “Orada nə işin var idi?”, “Getdiz, nə olsun ki, uduzdunuz” kimi saysız acı tənələr vardı. Onların arasında yaşamaq qan-qadadan çıxıb özü ilə savaşından onsuz da məğlub olan adam kimi çox çətin idi”.

Onun həmin ağır xatirələrə qayıtması məni çox utandırdı. Özümü ona tənə edən adamların yerinə qoyub xeyli danladım da. Sonra “Müharibədə qadın və kişi anlayışı onsuz da olmur. Əsgər gedir, döyüşçü olur, şəhidə çevrilir” cümləsini işlədirəm. Sözümü kəsib “Düzdü, orada döyüşçü vardı, kişi, qadın yox. Bir çox döyüş yoldaşlarımız qadın olduğumuzu sonradan bildilər. Döyüş, kəşfiyyat əməliyyatı, qarşıya qoyulan hər hansı əmri icra etmək var, sadəcə. Sən kişi də olsan, qadın da olsan, bunu etməlisən. Bir də müharibədə nə kişilik, nə cüssə, nə enlikürək, nə də dəmir biləklə yox, müharibədə ürəklə vuruşursan. Bax, o solundakı bir parça ət (ürəyi nəzərdə tutur) dağ boyda deyilsə, səndən heç nə olmaz. Lap əlində dünyanın ən güclü silahını tutsan da. Cəsarət, igidlik, qəhrəmanlıq varsa, irəli gedə bilərsən. Düzdür, heç kim anadan qəhrəman doğulmur. Amma məncə, insan vətənpərvər doğulur. Vətən, torpaq sevgisi sənin qanında, genində olmalıdır. Müharibədə ürək vuruşur. Bir də Vətən sevgisi”.

Sonra qeyri-bərabər döyüş, Birinci Qarabağ müharibəsi, həmin dövrün ordu birləşmələri, könüllü dəstələri, özünümüdafiə batalyonları haqqında yaddaşında ilişib qalanları danışır. Paralellər, müqayisələr, arabir mühakimələr edir. Ardından güclü ordu və Ali Baş Komandanla qələbəyə, haqqımız olan zəfərə qovuşmağımıza toxunur. Silahlı Qüvvələrin yüksək rütbəli zabiti kimi İkinci Qarabağ müharibəsində də xidmətini davam etdirdiyini, bu dəfə arxa, bəzən də ön cəbhədə xüsusi əməliyyatlara qatıldığını yada salır.

Məqamdır deyib ondan ilk sevgisini, onun xoş xatirəsini, müharibə və ülvi məhəbbətin bütün təzadlara rəğmən nə zamansa birləşdiricilik gücünü soruşuram. Elə təxmin etdiyim cavabı da alıram: “Sevgim var. Amma vətənə, torpağa, doğmalarıma, silahdaşlarıma. Amma o siz deyən ülvi hiss yoxdur və mən buna görə də müharibəni lənətləyirəm. O, 18 yaşlı qızın ülvi hisslərini də, sevib-sevilmək duyğularını da yandırıb kül etdi. Müharibədə, o odun, alovun içində sevgi heç yadıma da düşmürdü. Yalandan dərdimdən divanələr var idi də deməyəcəm. Amma müharibədən sonra belə təkliflər, sevgi etirafları aldım. Nə olsun ki, müharibə mənim üçün bitməmişdi deyə ürəyimdə o hisslərə də yuva qurmadım. Əslində, içimdəki müharibə indi də bitməyib və özümə verdiyim sualıma – “Vətənim qarşısında yetəri qədər övladlıq borcumu yerinə yetirmişəmmi”yə cavabım hələ ki yoxdur.

... Yadımdadır, 1993-cü il idi, ağır yaralanmışdım. Vəsiyyət etdim ki, məni Kəlbəcərdə basdırın. Özü də başdaşı filan da istəmirəm. Uzaq başı başımın üstündə bir söyüd ağacı əkin, ayağımın altında da bir qızılgül kolu. Qoy, söyüd gələnlərə kölgə salsın, qızılgülün də ətri ruhuma dinclik versin. İndi də o düşüncədəyəm. Həyatdan başqa gözləntim yoxdur. Nə də qəhrəman kimi kiminsə yaddaşında qalmaq iddiam. Təki Vətən mənə övlad desin və mən onun qarşısındakı borcumu yerinə yetirə bilim”.

Müharibə və onun gizlinləri, daha doğrusu, bizim görmədiyimiz, eyforiyada olduğumuzdan görmək istəmədiyimiz tərəfləri barədə xeyli söhbət elədi. Sonra döyüş yoldaşlarını, onların qələbə arzularını, son sözlərini, həyatla bağlı planlarını yadına saldı, xatirələrin içində ilişib qaldı: “Bədənimdəki qəlpələrə özüm dəymirəm. Soyuq olanda incitməklərini nəzərə almasaq, pis dolanmırıq. Onlar da mənim müharibə yoldaşlarımdır. Döyüş vaxtı ağrıları hiss etmirsən. Amma bitəndən sonra yuxularında görürsən. Kontuziyanın əlamətlərini günlərlə hiss edirsən. İndi də tez-tez yuxuda müharibəni, döyüşü görürəm və özümü yerə çırpıram. Neçə dəfə ayaq barmaqlarım sınıb. Elə bilirəm döyüşdəyəm və mərmilər yağır, qəlpələrdən yayınırmış kimi cəld yerə sərilirəm. Sonra qarabasmalar, kəskin ağrılar boy verir. Məncə, burada saxlayaq. Müharibə mənim bütün arzularımı apardı. Mən sadə bir kənd müəlliməsi olmaq istəyirdim. Tarix fənnini tədris etmək arzum vardı. Amma olmadı”.

“Qəm eləməyin, əvəzində qalib Ordunun polkovniki oldunuz” deyirəm. Guya təsdiq edirmiş kimi başını yellədir və gülümsəyir. Yalnız indi başa düşürəm ki, o məhz bu gülüşü ilə nə demək istəyir.

Ondan müharibə zamanı, işğal və işğaldan sonra döyüşçü, kəşfiyyatçı və ziyarətçi kimi o torpaqlara qovuşmaq hissləri arasında fərqi xəbər alıram. Deyir ağdamlı olsam da, məhz Ağdama getməmişəm: “Xüsusən indi dağılmış şəhərimə dözə bilmərəm. Axı, mən onun gözəl vaxtlarını görmüşəm. Amma indi orada heç nə yoxdur. Zəfərdən sonra bütün rayonlarda olmuşam. Ağdamdan başqa. Nə isə ürəyim məni ora aparmır. Bilirsiz niyə? Bütün şəhərlər, kəndlər işğal olundu. Amma Ağdam şəhid edildi. Mən o şəhidi görmək istəmirəm. Ürəyim gəlmir e, başa düşürsüz?! Heç olmasa, yeni Ağdam formalaşsın, qurulsun, sonra. Cənab Prezident deyir ki, Ağdam əvvəlkindən də abad olacaq. Mən buna inanıram və əminəm ki, Ağdam əvvəlkindən də qat-qat gözəl və əzəmətli bir şəhər olacaq. Amma o, yenə mənim Ağdamım olmayacaq. Çünki uşaqlığım, gəncliyim, arzularım qaldı o şəhərdə. Ötən bu illər ərzində bilirsiz məni ölməyə qoymayan nə oldu? Sözsüz ki, o torpaqlara mütləq qayıtmaq inamı. Ən çətin anımda da o ümid əlimdən tutdu və min şükür ki, ürəyimə daman başıma gəldi”.

Sevincək Şuşada çəkdirdiyi son şəkillərini göstərir. Deyir İsa bulağında sonuncu dəfə 16 yaşımda olmuşam: “Hadrutu, Kəlbəcəri, Zəngilanı gəzərkən uşaqlıq və yeniyetməlik xatirələrim dünən kimi gözümdə canlandı. Hər şey yadıma düşdü. Yer həmin yer olsa da, nə mən o mən idim, nə də Qarabağ. Heç o qızı, məni 19 yaşımda tərk “edən” Aliyəni də tapmadım. O, oralardan da çıxıb getmişdi. Amma hiss elədim indi daha xoşbəxtdir”.

Artıq göz yaşlarını gülüşü ilə gizlətmir. Təbəssümündəki ironiya da, kinayə də azalıb daha. Qəzəbi də öləziyib. Bircə sarkazmı qalıb. Ona görə də kimsə içindəki partlayışı hiss eləmir. Amma indi daha başqa cür olub. Qəzəbini də, intiqamını da, hətta qalibiyyətini də gülüşündə elan edir.

Müsahibə boyu təbəssümündən səxavətlə pay verən, hətta arada məni güldürməyə çalışan sərt qadından bir az qorxdum. Sadəlövhcəsinə verdiyim “Bu gülüşünüz hansından idi?” sualına iti zəkası ilə cavabını hazır edir: “Gülüş var gülüş var. Narahat olma, onsuz da hamısında səmimiyəm. Sizə də bu lazımdır” deyir və ikimiz də gülürük. Özü ilə barışmayan və bütün qadınlar kimi bağışlamağı bacarmayan, məğlubiyyət hissini heç vaxt qəbul etməyən qadınla söhbəti tərk edilmiş viranədəki son döyüşçü ilə danışırmış kimi bitirmək istəmirəm. Ən azı ona görə ki, bu yazı təxminən İkinci Qarabağ müharibəsinin son günlərində – Zəfərin ikinci ildönümündə zühur edəcəkdi.

Odur ki, onu da, özümü də qalib ovqata kökləyib ən yaxın silahdaşlarından başqa hamının Bəxtiyar çağırdığı, yəni kişi bildiyi Aliyədən son ricamı edirəm: gəlin, lövhənin önündə şəkil çəkdirək.

Beləcə, Allah bilir, bu bir neçə saatda parkı neçə dəfə dolaşdıq. Özü də ətrafımıza məhəl qoymadan. Sonra dayandıq, daha doğrusu, o, ayaq saxladı “Yaman isti oldu, bəlkə, bir az nəfəs alaq” deyib eynəyini çıxardı, ovuclarında bir az da əzilmiş salfeti alnında, yanaqlarında gəzdirdi. Üzünü yana tutub kirimişcə yarısı yerə saplanmış raketin maketinə baxdı. Sonra nə fikirləşdisə “Adam da bu qədər özündən danışar?” deyib əsl hərbçi qətiyyəti ilə “Bəsdir, gedək, qalanın da bizdən sonra gələnlər danışar” deyib çıxış qapısına tərəf getdi...

Yamyaşıl formasının üzərindəki qızılı ulduz və düymələr günəşin şəfəqlərində parıldadıqca beynimdəki qaranlıq da aydınlığa qovuşdu. Ən amansız, ən kobud qanunların hakim olduğu heç bir müharibə qadının zərifliyini əlindən ala bilmir. Sözsüz ki, inam və mübarizliyini də...

Həmidə NİZAMİQIZI