Özbəkistanın “Mənim ölkəm 5” (“Mening Yurtim 5”) telekanalının “Xoş gördük” proqramında ölkəmizə həsr olunan veriliş yayımlanıb.

AMM-dən verilən məlumata görə, veriliş Azərbaycanın Özbəkistandakı Səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə özbək jurnalistlərin ölkəmizə təşkil olunan mediaturu zamanı hazırlanıb. Səfər Bakı ilə yanaşı, ölkəmizin erməni işğalından azad olunan Şuşa, Füzuli, Zəngilan və Ağdam rayonlarını, eləcə də Gəncə şəhərlərini əhatə edib.

Jurnalist Mənuçehr Qələndərzadənin aparıcılığı ilə verilişdə Qarabağda qısa müddətdə tikilən Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilir, onun istənilən tip hava gəmisini qəbul etmək imkanlarından bəhs olunur.

Bildirilir ki, Füzuli şəhəri, işğal olunmuş digər Azərbaycan rayonları kimi, 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin nəzarətində olub və 44 günlük Vətən müharibəsində düşməndən azad edilib. Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərini qeyd edən aparıcı Füzuli şəhərində ölkəsi tərəfindən məktəb binası inşa olunacağını diqqətə çatdırır.

Verilişdə "Qafqazın konservatoriyası" adlandırılan, Azərbaycanın mədəniyyət  paytaxtı Şuşa şəhəri haqqında da məlumat verilir. Qeyd olunur ki, 270 yaşlı şəhər Pənahəli xan tərəfindən Qarabağ xanlığını qorumaq üçün qala kimi yaradılıb. Əvvəlcə şəhərə qurucusunun şərəfinə Pənahabad adı verilib, sonra isə Şuşa adlandırılıb.

Aparıcı vurğulayır ki, 30 ilə yaxın Ermənistan işğalı altında qalan Şuşa şəhərinin bir çox binaları, o cümlədən məşhur tarixi memarlıq abidələri vandalizmə məruz qalıb. Verilişdə Azərbaycanda Vətən müharibəsində həlak olmuş əsgərlərin xatirəsinin rəmzi kimi qəbul edilmiş xarıbülbül çiçəyi haqqında söz açılır.

Görkəmli Azərbaycan şairi və dövlət xadimi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin məqbərəsini də ziyarət edən müəllif bu abidənin də Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra ciddi ziyan gördüyünü, yalnız sütunlarının qaldığını bildirir. O, şəhər azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən Vaqifin Muzey-Məqbərə Kompleksinin bərpa edildiyini vurğulayır.

Verilişdə XVIII əsrə aid tarixi-memarlıq abidəsi – görkəmli Azərbaycan şairi və ictimai xadim Xurşidbanu Natəvanın ikimərtəbəli evi, şair haqqında məlumatlar da öz əksini tapıb.