Noyabrın 22-də Xalq yazıçısı Hüseyn Abbaszadənin (1922-2007) 100 illik yubileyi tamam olacaq. Yaradıcılığa bilavasitə iştirakçısı olduğu II Dünya müharibəsi illərində vətənpərvər ruhlu şeirləri ilə başlayan ədib bu mövzuya sonralar da sadiq qalır, zaman-zaman oxucularına Vətən sevgisi, fədakarlıq, igidlik hissləri aşılayan roman və hekayələr qələmə alıb. 

Hüseyn Abbaszadənin "General", "Burulğanlar", "Ləpədöyəndə", "Haradansınız, müsyö Abel?", "Qaradağ əhvalatı", "Evə kölgə düşür", "Uzaqdan gələn qonaq" və s. əsərləri milli koloriti, həqiqiliyi, hər dövrün oxucusu ilə onun dilində danışmaq bacarığıyla bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

Əfsanəvi Azərbaycan generalı, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun igidliyi və hərbi rəşadətindən bəhs edən "General" romanı milli ədəbiyyatımızda hərbi vətənpərvərlik mövzusunda yazılmış nadir sənədli-tarixi əsərlərdəndir.

Ədibin 100 illiyinə töhfə olaraq roman Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikasında nəşr edilib.

Qeyd edək ki, 2006-cı ildə H.Abbaszadənin “Seçilmiş əsərləri” ikicildliyi latın qrafikasında işıq üzü görsə də, həmin nəşrdə “General” romanı yer almamışdı.

Kitabı yaxın günlərdə Bakının kitab evləri və mağazalarından əldə etmək olar.