Bakı Şəhər İcra Hakimiyyəti ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşri olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” (Azərbaycan, rus və türk dillərində) kitabı çapdan çıxıb.

Noyabrın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında şanlı Zəfərimizin ildönümünə həsr olunmuş nəşrin müzakirəsi keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, kitabda hadisələr bilavasitə iştirakçıların dilindən nəql olunur. Üç dildə nəşr edilən kitabın digər xarici dillərdə də çap edilməsi nəzərdə tutulur.

Direktor kitabın ərsəyə gəlməsinə görə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, Mədəniyyət Nazirliyi ilə birgə beynəlxalq sərgilərdə təbliğat məqsədilə bu kitabın da nümayiş etdiriləcəyini, kitabxananın ehtiyat fondu vasitəsilə, həmçinin elektron versiyasının isə tam mətninin sayt vasitəsilə dünya oxucusuna çatdırılacağını diqqətə çatdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri Eldar Əzizov bildirib ki, kitab Vətən müharibəsinin əvvəlindən sonunadək bütün mərhələləri əhatə edir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, onun səbəbləri, Vətən müharibəsindəki Qələbə kitabın hazırlanması prosesində ətraflı araşdırılıb.

Eldar Əzizov Vətən müharibəsində qazanılan şanlı Qələbənin Prezident İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunduğunu qeyd edib.

AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Qarabağ Zəfərinin analoqunun olmadığını, Prezidentin bu tarixi Qələbə ilə Azərbaycan tarixinə adını əbədi yazdırdığını söyləyib. Alim kitabı 44 günlük müharibəni əks etdirən birinci monoqrafik tədqiqat əsəri adlandıraraq nəşrdə müharibəyə, sadəcə, müharibə kimi baxılmadığını, həmçinin bu savaşın ermənilərin ərazi iddiaları fonunda qiymətləndirildiyini vurğulayıb.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli nazirlik tərəfindən vətənpərvərlik mövzusunda müsabiqələrin təşkil edildiyini, yeni əsərlərin meydana gəldiyini, habelə müzakirəsi keçirilən bu kitabın çoxdilli nəşrinin onun təbliği baxımından əhəmiyyətli olduğunu söyləyib. Şöbə müdiri kitabın bu ilin sonunda təşkil olunacaq İstanbul Beynəlxalq Kitab Sərgisində və digər sərgilərdə nümayiş olunacağını diqqətə çatdırıb.

AMEA Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı dövlət başçımızın uzaqgörənliyi sayəsində qazanılan Qələbəni əks etdirən kitabı təkcə bu günün deyil, gələcəyin kitabı adlandırıb, layihənin təşəbbüskarlarına və müəlliflərinə minnətdarlığını bildirib.

Kitabın elmi redaktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov 44 günlük müharibəni Azərbaycan hərb sənətinin təntənəsi adlandırıb, fundamental konsepsiya əsasında qurulan əsərin baş qəhrəmanı və əsas müəllifinin həm də Ali Baş Komandanımız Prezident İlham Əliyev olduğunu bildirib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabın ərsəyə gəlməsi, plan-prospektin hazırlanması zamanı bitkin bir konseptual yanaşmanın ortaya qoyulduğunu, nəşrin geniş oxucu kütləsinə və gənclərə ünvanlanmasının nəzərə alındığını vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov kitabın tələbələr və gənclər üçün xüsusi əhəmiyyətini qeyd edərək bunun üçün nəşrin daha geniş təbliği məqsədilə tədbirlərin görülməsinin vacibliyini bildirib.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü şanlı tariximizdir” adlı elektron məlumat bazası da təqdim olunub.

Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov və başqalarının çıxışları dinlənilib.