Azərbaycanın Meksikadakı Səfirliyi bu ölkənin ən əlamətdar milli günlərindən sayılan, vəfat etmiş insanları yad etmək üçün qeyd olunan Xatirə Günü (Día de Muertos) münasibətilə paytaxt Mexikodakı tədbirlərdə iştirak edib.

Bu münasibətlə səfirlik ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsi 44 günlük Vətən müharibəsinin azyaşlı qurbanlarına həsr olunub.

Erməni təcavüzkarları tərəfindən Azərbaycan şəhərlərinin bombalanması nəticəsində şəhid olmuş uşaqların xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, bu xüsusda Xatirə Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli anım adətlərimizə uyğun olaraq halva paylanılıb.

Mexiko şəhər rəsmiləri, media təmsilçiləri və şəhər sakinlərinin qatıldığı tədbirdə multikultural və çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın qədim Meksika adət-ənənələrinə hörmətlə yanaşdığı qeyd olunub. Qonaqlara xatirə guşəsinin həsr olunduğu azyaşlı soydaşlarımızdan, onların erməni terroru nəticəsində yarımçıq qalan həyat hekayələri, ürəklərində qalmış arzularından bəhs edilib.

Tədbirdə iştirak edən Mexiko Şəhər hökumətinin rəsmiləri ölkəmizin Meksika adət-ənənələrinə hörmət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirərək hər iki ölkə xalqlarının bir-birilərinin qədim adət-ənənələrini öyrənməsinin ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə yardım edəcəyinə inandıqlarını qeyd ediblər.