Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün Heydər Əliyev Mərkəzində təlim keçirilir.

1-3 noyabr tarixini əhatə edən təlim ölkəmizdə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır.

Dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətləri rəhbərlərinin iştirak etdiyi təlimi London Şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparır. Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidenti olan B.Cons İcmalar Palatasında media məsləhətçisi kimi fəaliyyət göstərir. O, həmçinin siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bir sıra layihələr üzərində işləyib.

Təlim proqramına peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların düzgün və vaxtında cavablandırılması, habelə Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.