Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqası Sammitinin fəxri qonağıdır

 

Xəbər verildiyi kimi, 1-2 noyabr tarixlərində Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammiti keçirilir. Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə ərəb dövlətlərinin zirvə toplantısına ev sahibliyi edir.

1945-ci ildə təsis edilən Ərəb Dövlətləri Liqasının 22 üzvü var. Təşkilatın mənzil-qərargahı Misirdə (Qahirə) yerləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının (QH) sədri statusunda fəxri qonaq qismində sammitə dəvət olunub. Zirvə toplantısına BMT və İslam Əməkdaşlıq Təşkilatı baş katiblərinin də fəxri qonaq qismində dəvət edilməsi Azərbaycan liderinin QH sədri kimi beynəlxalq, o cümlədən İslam dünyasında yüksək nüfuzunu sübut edir.

Məlumat üçün bildirək ki, Əlcəzair ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (dünyada 4-cü) və neft (dünyada 9-cu) ixracatçısıdır.

Əlcəzair üç əsrə yaxın Osmanlı imperatorluğunun nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab səkkiz il sonra müstəqilliyin əldə edilməsi ilə nəticələnib. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilib.

Əlcəzairdə Ərəb Dövlətləri Liqası Sammitinin milli azadlıq hərəkatının ildönümündə – ölkənin milli bayramında başlaması təsadüfi deyil. Bu il həmçinin Əlcəzairin dövlət müstəqilliyinin 60-cı ildönümüdür.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələr 1994-cü il aprelin 22-də qurulub. 2016-cı ildə bu ölkədə Azərbaycanın səfirliyi, 2019-cu ildə isə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.

İki ölkə arasında müxtəlif sahələrə dair 5 sənəd imzalanıb, 7 sənədə baxılmaqdadır.

Azərbaycan Prezidentinin Əlcəzairin ev sahibliyi etdiyi beynəlxalq sammitə fəxri qonaq kimi dəvət olunması iki ölkə arasında münasibətlərdə yeni mərhələdən xəbər verir.

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Qeyd edək ki, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Abidənin hündürlüyü 92 metrdir.

Milli Mücahidlər Muzeyi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimət hərəkatına həsr olunub. Burada rəsm əsərləri ilə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, həmçinin müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir ibn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır. Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb.

Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.

Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Sonra Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Prezidentin Əlcəzairə səfəri barədə ətraflı qəzetimizin növbəti sayında.