Mütəfəkkir ədibin 210 illiyinə həsr olunan elmi konfrans keçiriləcək

 

Bu il Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində önəmli mövqeyə malik olan tənqidçi, şair, realist nəsrin və dramaturgiyanın banisi, ictimai xadim, maarifçi Mirzə Fətəli Axundzadənin (1812-1878) 210 illik yubileyidir. Dahi ədibin yubileyi münasibətilə tədbirlər, konfranslar, elmi sessiyalar və seminarlar təşkil olunur.

M.F.Axundzadə bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim münasibət bildirib və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafı tarixində yeni mərhələnin əsasını qoyub. XIX əsr Azərbaycan ədəbiyyatının tam yeni bir istiqamətdə inkişafı, yeni ideya-bədii keyfiyyətlər kəsb etməsi bilavasitə Axundzadənin adı ilə bağlıdır.

Noyabrın 22-də AMEA Folklor İnstitutunda ədibin anadan olmasının 210 illiyi münasibətilə “Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda elmi konfrans keçiriləcək. Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini noyabrın 12-dək mirze.feteli210@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 noyabradək məlumat veriləcək.