“Münaqişələrə eyni yanaşma olmalı, işğala işğal deyilməlidir”

Fransanın Əlcəzairdə işğal zamanı etdiyi əməlləri illər sonra Ermənistan Azərbaycan torpaqlarında törətdi

 

Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.

Prezident İlham Əliyev bu sözləri noyabrın 1-də Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib.

Xəbər verdiyimiz kimi, zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak edib.

Dəvətə görə Əlcəzair Prezidentinə, eləcə də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeytə təşəkkürünü bildirən dövlət başçısı deyib: “Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur...”.

Sammitdən öncə Əlcəzairin Şəhidlər memorialını, eləcə də ölkənin Fransa işğalına qarşı mübarizəsindən bəhs edən Mücahidlər Muzeyini ziyarət etdiyini deyən Azərbaycan Prezidenti gördüklərinin onu mütəəssir etdiyini bildirib: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Prezident İlham Əliyev qeyd edib ki, bu sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edir, amma eyni zamanda Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasında münasibətlərin xüsusi xarakteri var. Ölkəmiz 2006-cı ildən təşkilatda müşahidəçi üzv statusuna malikdir. Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm verir, qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndirir: “Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir: “Sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Bizim sədrliyimiz COVID-19 dövrünə təsadüf etmişdir və biz bu məsələdə çox fəal idik. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq...”.

2023-cü ilin martında Bakıda Qoşulmama Hərəkatının növbəti zirvə toplantısının nəzərdə tutulduğunu deyən İlham Əliyev Ərəb Dövlətləri Liqası üzvlərinin dövlət və hökumət başçılarını da bu sammitə dəvət edib.

Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam etmiş təcavüzünə də toxunub. Qeyd edib ki, iki il əvvəl Azərbaycan bu işğala son qoydu: “Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.

Bu isə bizi başqa bir vacib amilə gətirib çıxarır. Bu da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlıdır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır”.

Prezident vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə bərpa etdi: “Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.

Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadrat kilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerləyeksan edilmiş, dağıdılmışdır – şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür”.

İlham Əliyev daha sonra deyib: “İndi isə biz şəhər və kəndlərimizi bərpa edirik. Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”.