Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı ilə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzur iqtisadi rayonu üzrə ərazilərə səfər edib.

Nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib.

Sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərin Baş planı barədə məruzə edib.

Heyət 110 kV-luq “Qubadlı” yarımstansiyasına da baxış keçirib. “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev yarımstansiyada görülən işlər barədə məlumat verib.

Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna baxış keçirilən zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin (AAYDA) sədri Saleh Məmmədov layihə üzrə görülən və nəzərdə tutulan işlərdən danışıb.

Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə soydaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı, habelə mina və partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.

Nümayəndə heyəti 110 kV-luq “Laçın şəhəri” qovşaq yarımstansiyası ilə tanışlıqdan sonra Laçın şəhərinə gəlib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov şəhərdə görülən işlər barədə məlumat veriblər. Şəhər xəstəxanasının binasına da baxış keçirilib.

Heyət daha sonra Laçın rayonunun Qorçu kəndi yaxınlığında hava limanının inşa edildiyi ərazidə olub. Burada görülən işlər barədə məruzə edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Kəlbəcər şəhərinin Baş planı, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov isə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər haqqında danışıblar.

Baxış keçirilən bütün ərazilərdə görülən işlərin dövlət başçısının tapşırıqlarına uyğun şəkildə icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə lazımi göstəriş və tapşırıqlar verilib.