Zəfərlə tərənnüm olunan Şuşa mədəniyyət incisidir. Şəhərin təbii görkəmi “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinə əzəmət verəcək. Şuşanı tanıyanlar bir daha ona valeh olacaq, indiyədək tanımayanlar isə tanışlıqlarından məmnun qalacaqlar.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bu fikirləri Bursada – II Dədə Qorqud Türk Dünyası Film Festivalında azərbaycanlı media mənsublarına açıqlamasında deyib.

TÜRKSOY-un 2023-cü ildə Şuşada silsilə mədəniyyət tədbirləri təşkil etməyi planlaşdırdığını deyən Sultan Raev əminliklə bildirib ki, Şuşa gələn il keçiriləcək III Dədə Qorqud Türk Dünyası Film Festivalına yüksək səviyyədə ev sahibliyi etməklə Türk dünyasının mədəni inteqrasiyasına, həmrəyliyinə böyük bir töhfə verəcək.

Qeyd edək ki, II Dədə Qorqud Türk Dünyası Film Festivalına noyabrın 5-də yekun vurulacaq. Həmin gün Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının növbəti toplantısının keçirilməsi də nəzərdə tutulub.