Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Münaqişələrin idarə edilməsi” mövzusunda nəzəri və praktik təlim təşkil olunub.

Təlimdə Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova və sektorun əməkdaşı Gülü Həsənova tərəfindən iştirakçılara münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya məsələləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar keyslər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. 

Təlim zamanı iştirakçılara davranış strategiyaları və həll yolları da izah edilib, mövzu ilə əlaqədar yaranan suallara aydınlıq gətirilib.