Türkiyənin “Star” qəzetinin təsis etdiyi “Nəcib Fazil adına beynəlxalq mükafat”ın qalibləri elan edilib.

Xalq yazıçısı Elçin mükafatın “Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi olub. Yazıçı “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” mükafata layiq görülüb.

Qeyd edək ki, Xalq yazıçısı qardaş Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri, ümumilikdə 30-dək kitabı Türkiyənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap olunub. Müəllifin pyesləri Ankara, Konya, Ərzurum dövlət teatrları, İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrında tamaşaya qoyulub. Onun yaradıcılığı əsasında doktorluq dissertasiyası da müdafiə edilib.

Bundan əlavə, Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunub.