Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək yubiley tədbirinin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və UNESCO rəhbərliyinə təşəkkürünü bildirib. Böyük musiqi xadiminin həyat və yaradıcılığı haqqında məlumat verən diplomat qeyd edib ki, bəstəkarın irsində simfonik muğamın özünəməxsus yeri var. 2008-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti F.Əmirov yaradıcılığına güclü təsir göstərib. Onun simfonik muğamları dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə Avropa ölkələrinin, eləcə də ABŞ-ın ən böyük konsert salonlarında səsləndirilib. E.Abdullayev F.Əmirovun operaları, baletləri, kamera-instrumental əsərləri, vokal əsərləri və s. haqqında da məlumat verib.

UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko qurumun rəhbərinin adından tədbir iştirakçılarını salamlayıb. Azərbaycanla UNESCO arasında əlaqələrə toxunan natiq bugünkü tədbirin mədəni irs, dialoq, mədəni müxtəliflik ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 1956-cı ildən UNESCO tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin xatirəsini anmaq məqsədilə üzv dövlətlər və assosiativ üzvlər tərəfindən qeyd olunan anım tədbirlərində iştirak edir: “Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd edilməsi beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. Fikrət Əmirov da öz əsərləri ilə UNESCO dəyərlərinin təşviqinə töhfə verib”.

Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. Konsertə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində Babək Niftəliyev (xanəndə), Səbinə Əsədova (mezzo-soprano), Selcan Nəsibli (soprano), Orxan Cəlilov (tenor) F.Əmirovun əsərlərini ifa ediblər. Həmçinin konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) çıxış edib. Onun ifasında Azərbaycan musiqiçiləri sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, dahi bəstəkar F.Əmirovun 100 illik yubileyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına əsasən təşkil olunub. Bu barədə qərar 2021-ci ildə Parisdə təşkilatın 41-ci Baş Konfransı qəbul olunub.