Cənubi Koreyanın Tequ şəhərində İpək Yolu və Mərkəzi Asiya üzrə beynəlxalq konfrans keçirilib.

Keimyung Universitetinin təşkilatçılığı ilə “Xalça toxuculuğu: İpək Yolunun tarixi və gözəlliyi” mövzusunda keçirilən konfransda ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova təmsil edib.

Muzeydən bildirilib ki, Şirin Məlikova ABŞ, İtaliya, Cənubi Koreya, Avstraliya, Pakistan, Monqolustan, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan tədqiqatçıların qatıldığı beynəlxalq tədbirdə “Azərbaycanda xalça toxuculuğu: əsrlərdən baxış” mövzusunda məruzə ilə çıxış edib.

O, Azərbaycanda xalçaçılıq sənətinin yaranması və inkişaf tarixi, qədim dövrlərdən bu günə qədər yaşadılan ənənələr barədə məlumat verib, müxtəlif texnikalarla toxunan xalçaların özünəməxsus cəhətləri, ornamentləri və onların daşıdığı simvolik mənalardan danışıb. Ölkəmizdə xalçaçılıq sənətinin qorunması, təbliği, inkişafı məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin yaradıldığı diqqətə çatdırılıb. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şirin Məlikova Keimyung Universitetinin kitabxanasına Azərbaycan Milli Xalça Muzeyinin nəşrlərini hədiyyə edib.