Birinci və İkinci Qarabağ müharibəsinin, şanlı Zəfərimizin ekran təcəssümü olan "Köhnə çamadanlar" bədii filminin ölkə miqyasında nümayişi başlanıb.

Filmin yaradıcı heyəti ilk olaraq noyabrın 2-də Şamaxı şəhərinə səfər edib. Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı Filialının tələbə və müəllim heyəti ilə görüşdə quruluşçu rejissor Saida Haqverdiyeva, ekran əsərində baş rolları oynayan Xalq artisti Məmməd Səfa, Əməkdar artist Gülzar Qurbanova, filmin real qəhrəmanı Məhəbbət Paşayeva çəkiliş prosesi, filmdə yer alan gerçək həyat hekayələri, müharibə və onun insanların həyatında buraxdığı dərin yaralardan söz açıblar.

Ali təhsil ocağının direktoru, dosent Tünzalə Yusifova yaradıcı heyətə təşəkkürünü bildirib. Belə görüşlərin gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, yaxın tariximiz haqqındakı təsəvvürlərinin genişlənməsində xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Noyabrın 3-də isə ekran əsərinin Naxçıvan Muxtar Respublikasında təqdimatı olub.

Naxçıvan Gənclər Mərkəzindəki təqdimatda çıxış edən filmin quruluşçu rejissoru Saida Haqverdiyeva müharibə və qadın mövzusuna müraciət edərək, bu vasitə ilə haqq savaşımıza fərqli bucaqdan baxmağa çalışdığını bildirib.

Yaradıcı heyətlə görüşdə təəsssüratlarını bölüşən tamaşaçılar Qarabağ həqiqətlərinin, müharibənin canlı şahidi, iştirakçısı olan qadınların acı xatirələri əsasında çəkilən filmin böyük təsirə malik olduğunu deyiblər.

Xatırladaq ki, film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production” və “OYUN” inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.

Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif qadın obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb. Eyni zamanda bu ekran əsərində 44 günlük Vətən müharibəsini və qələbə sevincini əks etdirən sənədli kadrlar yer alıb.

Filmin ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.

Rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova və başqaları oynayırlar.