“Azərxalça” ASC 8 Noyabr – Zəfər Günü münasibətilə keçirdiyi tədbirlər çərçivəsində ikinci ən böyük satış və nümayiş qalereyasının açılışını edib.

Noyabrın 4-də gerçəkləşən açılışla bağlı “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov deyib: “Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarıq və sənətlərindən zövq almasına imkan yaratmaqdır. Bu məkana gələcək qonaqlar xalçaların necə yarandığını əyani görə biləcək, eləcə də bu çətin əl əməyinin pərdəarxası görüntüləri ilə tanış olaraq, xalçatoxuma prosesindən zövq alacaqlar”.

Zəfər Günü münasibətilə keçirdiyi tədbirlər çərçivəsində “Azərxalça” ilə əməkdaşlıq çərçivəsində paytaxtdakı “Four Seasons” hotelinin lobbisində xüsusi vitrin də qurulub. Noyabrın 4-dən 18-dək burada nümayiş olunacaq 4 məşhur Qarabağ xalçasından (“Çələbi”, “Malıbəyli”, “Xətayi”, “Qasımuşağı”) hazırlanmış uçan Qarabağ atlarının instalyasiyası otuzillik işğaldan azad edilmiş qədim Qarabağ torpaqlarının unikal mədəniyyətinin dirçəlişini simvolizə edir.

“Azərxalça” yaradıcı qrupunun direktoru Əsmər Abdullayeva bu barədə deyib: “İnstalyasiya böyük qələbədən sonra Qarabağın çiçəklənməsi və inkişafının simvolu kimi qaçan atların ifadəsini göstərir. Nümayiş olunan naxışların hər biri ölkəmizin zəngin tarixini əks etdirir. Bəzi naxışlar XVII əsrə aiddir və Səfəvilər sülaləsi dövründə toxunub. Dizaynları butikimizdən əldə etmək mümkün olacaq”.

Sonda “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov və hotelin baş meneceri Bob Suri “Four Seasons Hotel Bakı”da təşkil olunan lobbi vitrininin açılışını ediblər.