2022-ci il üzrə UNESCO-nun yubileylər proqramına daxil edilən Fikrət Əmirovun (1922-1984) 100 illiyinin təşkilatın mənzil-qərargahında qeyd edilməsi Azərbaycan musiqisi və mədəniyyətinin beynəlxalq miqyasda növbəti təntənəsi oldu. Dahi bəstəkarın zəngin irsi milli musiqi və klassik dünya musiqisini bir arada ecazkar sintezi kimi bəşəri dəyərləri təcəssüm etdirir.

UNESCO-nun proqramı çərçivəsində qurumun dəyərlərinin təşviqinə töhfə verən incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin yubileyi qeyd olunur. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov da UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinə böyük töhfə verib. Bu gün onun anadan olmasının 100 illiyini qeyd edirik.

Bu fikirləri UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş konsertdən sonra AZƏRTAC-a müsahibəsində ifadə edib.

Baş direktorunun müavini yubiley gecəsinin təşkilinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə və təşkilat yanındakı daimi nümayəndəliyinə təşəkkür edərək, deyib: “Belə bir gecənin təşkili, həmçinin Azərbaycan ilə UNESCO arasında sıx əməkdaşlığı əks etdirir. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov öz musiqisi vasitəsilə UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinin təşviqinə töhfə verib. Musiqi bütün dillər üçün əlçatandır və bədii ifadə baxımından mühüm dəstəkdir. Musiqi universal xarakterə malik mesajdır. Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd olunması beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir”.

Qeyd edilib ki, Fikrət Əmirovun UNESCO-da 100 illik yubiley gecəsi həm də mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi əks etdirir.

***

UNESCO-da Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş konsertin təşkili hər birimiz üçün fəxrdir. Bu gecə sizin qürurunuz bizim qürurumuzdur. İki dövlət, bir millət olduğumuzu bir daha hiss etdim, yaşadım. Fikrət Əmirovun əsərləri məni duyğulandırdı. Çox mükəmməl musiqi idi.

Bu fikirləri isə Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Gülnur Aybet Fikrət Əmirovun yubileyi münasibətilə keçirilən konsertdən sonra AZƏRTAC-a müsahibəsində deyib.

O, Azərbaycanın UNESCO-yanındakı daimi nümayəndəliyini təbrik edərək, belə möhtəşəm konsertin təşkili üçün təşəkkürünü bildirib. UNESCO çərçivəsində Türkiyə və Azərbaycanın daimi nümayəndəlikləri arasında sıx əlaqələrin olduğunu, birgə çalışdıqlarını vurğulayan Gülnur Aybet deyib: “Azərbaycanın daimi nümayəndəliyi ilə münasibətlərimiz yüksək səviyyədədir. İki qardaş dövlət olaraq daim birlikdəyik. UNESCO çərçivəsində də birgə əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik”.