Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbənin ikinci ildönümünə həsr olunan “Zəfər sədası” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqədə 13 teatr və 1 təhsil ocağını təmsil edən ümumilikdə 22 nəfər iştirak edib. Yarışmada təqdim olunan qiraət nümunələrinə iki turda baxış keçirilib.

Sonra münsiflər heyətinin yekun qərarına əsasən seçilən 10 iştirakçıya mükafatlar təqdim olunub. Eyni zamanda digər 12 iştirakçı müsabiqədə iştiraka görə diplomlarla təltif edilib.

Tədbirdə şəhid ailələri də iştirak ediblər.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsinin tariximizdəki yeri və əhəmiyyətindən danışıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova "Zəfər sədası" bədii qiraət müsabiqəsində uğurla iştirak edərək üçüncü yerə layiq görülüb.

Teatrdan bildiriblər ki, aktrisa müsabiqədə Əjdər Olun "Azərbaycan" şeirini qiraət edib.