Əhmət Misbah Dəmircan: Fikrət Əmirovun əsərləri ilə Azərbaycan musiqisinin zənginliyinə bir daha şahid olduq...

 

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində 1-5 noyabr tarixində keçirilən 2-ci Dədə Qorqud Türk Dünyası Film Festivalı çərçivəsində Azərbaycan böyük bəstəkarı Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert proqramı da təşkil olunub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Baş İdarəsi tərəfindən noyabrın 3-də təşkil edilən konsertdə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Bursa Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin məşhur pianoçusu Gökhan Aybulusun solist, tanınmış ifaçı Zeynəb Soybərkin konsertmeyster olduğu musiqi axşamında Fikrət Əmirovun “Nəsimi dastanı” baletindən parçalar və digər əsərləri alqışlarla qarşılanıb.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən 2022-ci il görkəmli Azərbaycan bəstəkarının 100 illiyi şərəfinə “Fikrət Əmirov İli” elan olunub. İl ərzində bu münasibətlə silsilə tədbirlər təşkil edilib, o cümlədən builki “TÜRKSOY Opera Günləri” Fikrət Əmirova həsr olunub.

Qeyd edək ki, Fikrət Əmirovun 100 illik yubileyi bu il həmçinin UNESCO səviyyəsində qeyd edilir. Noyabrın 3-də təşkilatın Parisdəki mənzil-qərargahında da dünya şöhrətli Azərbaycan bəstəkarının 100 illiyi münasibətilə konsert keçirilib.

***

Bursada keçirilən Dədə Qorqud Türk Dünyası Film Festivalı çərçivəsində Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun əsərlərindən ibarət möhtəşəm konsert proqramının təşkil olunması mühüm mədəniyyət hadisəsidir. Əksəriyyətini ilk dəfə dinlədiyimiz bu əsərlərin Türkiyədə səslənməsi təqdirəlayiqdir.

Bu fikirləri Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhmət Misbah Dəmircan Bursadakı konsertdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı” fikri ilə düşüncələrini bölüşən nazir müavini bildirib ki, türk dünyasını bir araya gətirən istənilən mədəniyyət layihəsi xalqlarımızın görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində böyük önəm daşıyır. Fikrət Əmirovun əsərləri ilə Azərbaycan musiqisinin zənginliyinə bir daha şahid olduq.

***

Bursada musiqisevərlər qarşısında dahi bəstəkar Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdik. Bursa Dövlət Simfonik Orkestrini Şuşada keçiriləcək növbəti “Xarıbülbül” beynəlxalq musiqi festivalına dəvət etmək niyyətindəyik.

Bunu isə konsertin dirijoru Xalq artisti Yalçın Adıgözəlov deyib. Fikrət Əmirovun musiqi irsini dünyada tanıtmağı mənəvi borc kimi dəyərləndirən maestro bildirib ki, ilin sonunadək bir sıra ölkələrdə görkəmli bəstəkarımızın əsərlərindən ibarət musiqi layihələri həyata keçiriləcək.