Azərbaycan Hərb Tarixi Muzeyində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) ilə birgə tarixi Qələbəmizin ikinci ildönümünə həsr olunmuş “İgidlərin var olduqca, sən də varsan, Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbirdə Zəfərin qazanılmasında xidmətləri olmuş xüsusi təyinatlı, polkovnik-leytenant Şəmşir Həziyev, Vətən Müharibəsi Qəhrəmanı, mayor Saleh Həsənov, Vətən müharibəsi qazisi, baş leytenant Ehram Rəşidov, mərkəzin dərnək üzvləri, müəllim və məktəblilər iştirak ediblər.

Hərb Tarixi Muzeyinin rəisi, I və II Qarabağ müharibələri veteranı, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və Vətən müharibəsi qazilərinin çıxışları dinlənilib, Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bədii proqramla davam edən tədbirdə RUGİM-in dərnək üzvləri vətənpərvərlik mövzusunda şeir söyləyiblər. Azərbaycan Ordusunun Həzi Aslanov adına İdeoloji İş və Mədəniyyət Mərkəzi solistlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Daha sonra iştirakçılar muzeylə tanış olublar.