M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Noyabrın 5-də keçirilən tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, noyabrın 8-i Azərbaycan xalqı üçün çox əlamətdar bir tarix – Zəfər Günüdür: “Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü bacardı. Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu Qələbə ilə Azərbaycan öz adını nəinki ölkəmizin hərb tarixinə, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Heç bir zəfər, azadlıq qansız başa gəlmir. Bizim də haqq mübarizəmizdə cəsur övladlarımız şəhid oldu. Onların əziz xatirəsini heç vaxt unutmayacağıq. Bu tarixi Zəfər haqqında çoxsaylı kitablar yazılıb və yazılacaq, bizim də borcumuz həmin kitabları təbliğ etməkdir”.

Kitabxananın direktor müavini Ədibə İsmayılova bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir: “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi ümummilli lideri və İlham Əliyev kimi Ali Baş Komandanı var”.

İnformasiya-axtarış sistemləri ilə iş şöbəsinin müdiri Səyyarə Məmmədli Zəfər Gününə həsr etdiyi şeirini səsləndirib.

Sonda iştirakçılar “Zəfər Günün mübarək, Azərbaycan!” adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə II Qarabağ müharibəsini, Zəfər tarixini özündə əks etdirən Milli Kitabxananın fondunda mühafizə edilən kitab, məqalə və s. materiallar nümayiş olunub.