Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan şəhərində Zəfər abidəsi ucaldılıb.

Noyabrın 5-də Zəfər abidəsinin açılışı keçirilib, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin sədri Vasif Talıbov şəhidlərimizin əziz xatirəsini yad edib, şəhid ailələrinə və qazilərə ehtiramını bildirib, yeni mənzillərində rahat həyat arzulayıb. Həmçinin Ali Məclisin sədri Zəfər Günü və Naxçıvan şəhərində Zəfər abidəsinin istifadəyə verilməsi münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və veteranları, muxtar respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik edib.

Sonra 2 şəhid ailəsi və 4 qaziyə mənzillərin orderləri, 5 qaziyə isə avtomobillərin açarları təqdim edilib.

Şəhid anaları Yəmən Abbasova və Aytən Eyvazova, qazilərdən Əmrah Məmmədov, Rza Əlirzayev, Fərdi Cəlilov, Fərdi Məmmədov, Mirkənan Kərimov və Azər Rüstəmli mənzillər və avtomobillərlə təmin olunmalarını onlara göstərilən qayğı kimi dəyərləndirib, dövlətimizə minnətdarlıq ediblər.

Sonra Zəfər abidəsinə və parka baxış olub. Məlumat verilib ki, abidənin hazırlanmasında Dövlət Bayrağının elementlərindən istifadə olunub. Abidənin plan quruluşu 8 guşəli ulduz və ayparadan ibarətdir. 12,5 metr hündürlüyü olan abidə şanlı Zəfərimizi ifadə edir. Abidənin ətrafında park salınıb, ağac və gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.