Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə paytaxt və bölgələrimizin bir sıra mədəniyyət ocaqlarında “Zəfər sədası” adlı musiqi festivalı keçirilir.

Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Bərdə rayon Mədəniyyət Mərkəzində festival çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirilib.

Konsertdə rayon İcra Hakimiyyəti, idarə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Bədii hissədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri – Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, II "Muğam" Televiziya Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, III "Muğam" Televiziya Müsabiqəsinin qalibi Səbinə Ərəbli, VIII "Muğam" Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, beynəlxalq və respublika müsabiqələrinin qalibləri Vaqif Təhməzov, Süleyman Süleymanov və Taleh Yahyayevin ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları səsləndirilib.

***

Festivalın növbəti konserti Ağdam Muğam Mərkəzində (Quzanlı qəsəbəsi) təşkil edilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfər Günü Azərbaycanının ən böyük bayramlarından biridir. Bu şanlı Qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsi həmişə uca tutulacaq.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərinin ifasında bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.

***

"Zəfər sədası" musiqi festivalı Sumqayıt Dövlət Dram Teatrında da böyük coşqu ilə qeyd edilib.

Tədbir iştirakçılarını salamlayan Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Zəfər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz musiqiyə verilib.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.