“Bir dəfə Bağdadda” musiqili komediyası nümayiş olunub...

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir dəfə Bağdadda” musiqili komediyasının növbəti nümayişi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) 85 illiyinə həsr olunub.

Rus dilində tamaşanın libretto müıllifi Vitali Kalmanovski, musiqi müəllifi Emin Sabitoğludur.

Tamaşadan əvvəl teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə çıxış edərək bəstəkarın həyat və yaradıcılıq fəaliyyətindən danışıblar.

Sonra musiqili komediya nümayiş olunub. Hadisələr əsrlər öncə Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, tamaşanın ideyası müasir zamanla səsləşir.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Mehriban Zalıyeva, Nadejda Povelitsina, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Hidayət Əliyev, Murad Əliyev, Əli Kərimov ifa ediblər.

Qeyd edək ki, rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda teatrın rus bölməsində ərsəyə gələn bu musiqili komediyanın premyerası 2018-ci ilin 18 oktyabrında teatrsevərlərə təqdim olunub.