8 Noyabr – Zəfər Günü ərəfəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Şuşa” musiqili-qrafik layihəsi Qarabağ və onun döyünən ürəyi Şuşanın 30 illik işğaldan azad edilməsinin ildönümünə həsr olunub.

Layihə “SS Production” şirkəti tərəfindən həyata keçirilib. Sözləri Kübra Kərimliyə məxsus olan musiqinin müəllifi və ifaçısı AİSEL, səs prodüseri Emin Kərimdir. Layihənin baş prodüseri Aysel Rəcəblidir.

Layihənin maraqlı tərəflərindən biri onun vizual həllidir. Bu həll məşhur rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun “Şuşa şəhərinin memarlığı” adlı qrafik rəsmlər silsiləsinə əsaslanır. Bu təsvirlərdə Şuşanın qədim memarlığını özündə əks etdirən tarixi abidələr və tikililər təqdim olunub ki, onların da bir çoxu işğal dövründə dağıdılıb və ya tamamilə məhv edilib.

Qrafik rəsmlər rejissor Teymur Nəcəfzadənin əməyi ilə canlılıq qazanaraq klipə çevrilib. Klipdə mədəniyyət beşiyimiz Şuşanın görkəmli şəxsiyyətləri və dahi sənət adamlarına da yer verilib.

Klip Zəfər Günü ərəfəsində Şuşanı azad edən əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin əziz ruhuna hörmət əlaməti olaraq, İqtisadiyyat Nazirliyinin inzibati binası üzərində vizual yayımlanıb.