Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Tariximizin Zəfər Günü” adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, eləcə də qonaq qismində Xalq artisti, dirijor, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadə, Bakıda səfərdə olan Latviya Müdafiə Nazirliyi Milli qvardiyanın qadınlardan ibarət saksofon kvarteti çıxış edib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı və aparıcısı – məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi Leyla Həsənova Zəfər Gününün tarixindən, 44 günlük Vətən müharibəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən danışıb.

Sonra Vətən müharibəsində Qələbəyə həsr edilən videoçarxlar, şəhidlərimiz haqqında fotoslaydlar təqdim olunub.

Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Latviya Müdafiə Nazirliyi Milli qvardiyanın qadınlardan ibarət saksofon kvarteti də musiqi proqramında çıxış edib.

Məktəbin direktoru, Əməkdar artisti, dosent Əziz Qarayusifli qonaqlara, tədbirin təşkilatçısına və bütün iştirakçılara təşəkkür edib. Qazilərimiz və şəhid anaları belə bir konsertə dəvət aldıqları üçün minnətdarlıqlarını bildiriblər.

Məktəbin foyesində və akt zalında istedadlı şagirdlərin (müəllimlər Nigar Şıxəliyeva, Əli Ağadadaşov) rəngarəng rəsm əsərləri nümayiş olunub.