Azərbaycan İstiqlal Muzeyində Vətən müharibəsində qazanılan tarixi Qələbənin ikinci ildönümü ilə əlaqədar keçirilən Zəfər həftəsi çərçivəsində daha bir tədbir – “Tolerant ölkənin Qələbə marşı” adlı sərgi təşkil olunub.

Sərgidə torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş çoxmillətli Azərbaycanın qəhrəman övladları – kiçik çavuş Nurlan Rəhimov (talış), əsgər İsmayıl İrapov (ingiloy), Samsun Babayev (qaraçı), Denis Aleksandroviç (rus), Elvin Qurbanov (ləzgi), Ruslan Cəfərov (ləzgi) və Mahmud Əhmədova (azərbaycanlı) məxsus, muzeyin fondlarında qorunub saxlanılan şəxsi əşyalar nümayiş olunub.

Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, haqq və ədalətin bərpası zamanı əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri qəhrəmanlıq nümayiş etdiriblər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrəy olduğunu bir daha dünyaya sübut etdi. Möhtəşəm Zəfərdən illər keçsə də, rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi yaddaşlardan silinməyəcək, gələcək nəsillərə qoyulan bu qəhrəmanlıq mirası daima uca tutulacaq.

Tədbirdə şəhid ailələri, qazilər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, “Bir könüllü” tələbə təşkilatının könüllüləri, “İrəli” İctimai Birliyinin üzvləri və digər qonaqlar iştirak ediblər.