Zəfər Günü münasibətilə Akademik Milli Dram Teatrında təntənəli tədbir keçirilib, "Zəfər yolu" tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışıb. Qeyd olunub ki, Akademik Milli Dram Teatrının 4 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan biri qazi olub.

Azər Paşa Nemətov bildirib ki, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tədbirdə teatrın Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanı və mükafatı Xalq artisti Əli Nura, qazi Tərlan Əsgərliyə, müharibə iştirakçıları Ruslan Kərimova, Rüfət Cabbarova və Fuad Cəbrayılova təqdim olunub.

Daha sonra tamaşa nümayiş olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov və başqaları çıxış edirlər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrında “Zəfər yolu” tamaşası noyabrın 4-dən 6-dək axşam və gündüz saatlarında olmaqla üç gün nümayiş etdirilib. Səhnə əsəri məktəblilər, tələbələr və digər yaş qruplarından olan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.