Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ikinci ildönümüdür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq əzəli torpaqlarımız Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etdi.

Noyabrın 8-də şanlı Ordumuzun misli görünməmiş qəhrəmanlıqla Şuşa şəhərini azad etməsi ilə artıq düşmənin olan-qalan bütün ümidləri qırıldı. Noyabrın 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi.

Artıq ikinci ildir Azərbaycan xalqı ölkəmizdə və xaricdə bu şanlı tarixi böyük coşqu ilə qeyd edir. Mədəniyyət Nazirliyinin regional idarələrinin əhatə etdiyi müəssisələrdə Zəfər bayramımız münasibətilə rəngarəng tədbirlər təşkil edilir, bizə əbədi qələbə qüruru yaşadan şəhidlərimizin xatirəsi ehtiramla yad olunur.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ), rayon Gənclər və İdman İdarəsi və Ağdaş Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” ifadəsinin təsvir olunduğu fləşmob keçirilib. Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda 400-dən çox gəncin təsvir etdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi tamaşaçıların böyük marağına səbəb olub.

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib. Bildirilib ki, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi bizi qalib ölkəyə çevirdi.

Göyçay şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan bayram konserti keçirilib. Göyçay rayon Uşaq musiqi məktəbinin müəllim kollektivindən ibarət xorun ifasında “Vətənim Azərbaycan”, “Vətən” mahnıları, özfəaliyyət kollektivləri tərəfindən isə vətənpərvərlik ruhlu musiqilər səsləndirilib.

***

Şəmkir RMİ Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı bayram tədbiri təşkil edilib.

Mədəniyyət Mərkəzinin instrumental ansamblının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Daha sonra məktəblilər bir-birindən maraqlı şeir və rəqs kompozisiyaları ilə çıxış ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib. Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

***

Kürdəmir RMİ Füzuli rayon Aybasanlı Uşaq musiqi məktəbi və rayon 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. İdarə rəisi Faiq Xudanlının çıxışından sonra şagird və müəllimlərin hazırladığı konsert proqramı və səhnəciklər təqdim olunub.

Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyinə məktəblilərin “Tariximizi öyrənək” adlı ekskursiyası təşkil olunub. Məktəblilər tarixin müxtəlif dövrlərini əhatə edən eksponatlarla tanış olub, Vətən müharibəsinə həsr edilən xüsusi guşəyə baxış keçiriblər.

***

Sabirabad RMİ, rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində kollec tələbələri tərəfindən fləşmob nümayiş olunub. Fləşmobda Vətən müharibəsi şəhidlərinin sayını simvolizə edən "2907" və Sabirabad rayonundan şəhid olan qəhrəmanlara həsr edilən "45" kompozisiyaları yaradılıb.

Şirvan şəhər Folklor evində rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Zəfər salnaməsinin unudulmaz qəhrəmanları" adlı tamaşa nümayiş olunub. Nümayişdən sonra çıxış edən Sabirabad RMİ-nin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov gənc və həvəskar aktyorların ifalarını müsbət qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıb.

***

Masallı RMİ Masallı şəhər Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşəbbüsü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir təşkil olunub. Tədbirdə istedadlı rejissor Camaləddin Əliyev və Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Göytəpə şəhər N saylı hərbi hissəsində Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib.

***

Lənkəran RMİ-nin təşkilatçılığı ilə şəhərin Mədəniyyət Mərkəzində “Zəfər salnaməsi” adlı tədbir keçirilib. İdarə rəisi Şahin Şahbazov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Günü haqqında fikirlərini bölüşüb. Tədbir Lənkəran şəhər mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbir çərçivəsində iştirakçılar şəhər Mədəniyyət Mərkəzində təşkil edilən müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

***

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində “Zəfərimiz qürurumuzdur!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Təqdimatdan sonra “Zəfər tarixi” adlı film nümayiş etdirilib. Sonda Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Vətən müharibəsində qazandığımız şanlı Qələbənin təcəssümü olan Zəfər Gününün iftixar hissi ilə qeyd olduğunu vurğulayıblar. Çıxışlardan sonra tədbir musiqili-bədii proqramla davam edib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin müəllim və şagirdləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

RMİ-nin Şuşa rayon nümayəndəliyinin təşkilatçılığı ilə “Qələbən mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı şanlı Zəfərdən söz açıblar. Bədii hissədə Şuşa rayon musiqi məktəblərinin kollektivi vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.

RMİ-nin Xızı rayon nümayəndəliyi və Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Otuz illik həsrətin Zəfər salnaməsi” adlı tədbir keçirilib. Orta məktəbin və Xızı rayon Mərkəzi Kitabxanasının birgə hazırladığı “Bayraq”, “Vətən naminə”, “Zəfər” adlı ədəbi-bədii kompozisiyaları, “Zəfər marşı”, “Şuşanın dağları” rəqsləri, xor kollektivinin “Azərbaycan”, “İgid əsgər” mahnıları, “Mədəniyyətimizin döyünən ürəyi – Şuşa” adlı kitab sərgisi tamaşaçıların marağına səbəb olub.

***

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin Hərbi Qənimətlər Parkına onlayn ekskursiyası təşkil olunub. Məktəblilər 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən tankları, döyüş maşınlarını, artilleriya qurğularını, zenit-raket komplekslərini, atıcı silahlarını izləyiblər.

***

İsmayıllı RMİ Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Şamaxı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçirilib. GİKM-in Şamaxı nümayəndəliyi gənclərinin və şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin ifasında musiqili kompozisiya, Qarabağın tarixi şəxsiyyətlərinin monoloqlarından ibarət səhnəcik nümayiş etdirilib.

***

Bərdə RMİ Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin hazırladığı konsert proqramı təqdim edilib.

Yevlax rayon Xaldan kənd Uşaq musiqi məktəbi tərəfindən keçirilən “Biz Qələbə çalmışıq!” adlı tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Vokal qrupunun ifasında "Cənnətim Qarabağ" mahnısı, "Xumar" rəqs qrupunun təqdimatında dünya musiqilərindən ibarət rəqs nömrəsi maraqla qarşılanıb. Sonda idarə rəisi Vəsilə Möhsümova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Tərtər Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub. Məktəblilər muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar.

***

Biləsuvar RMİ Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi "Zəfərin mübarək, Şuşa!" adlı ədəbi-bədii tədbir təşkil edib. Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Əbil Vəliyev və digərləri çıxışlarında Zəfər tariximizdən söz açıblar. Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin musiqi kollektivi, 158 saylı orta məktəbin şagirdləri və 4 saylı Uşaq inkişaf mərkəzinin rəqs qruplarının çıxışları alqışlarla qarşılanıb.

Neftçala rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərin iştirakı ilə “Vətən yaxşıdır” adlı tədbir keçirilib. Neftçala rayon Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinin şagirdləri şeir və maraqlı kompozisiyalarla çıxış ediblər. Tədbirdə həmçinin vətənpərvərlik mahnıları səsləndirilib.

***

Xaçmaz RMİ Xaçmaz şəhər Uşaq musiqi məktəbində Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub. Konsertdə məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzi və Xaçmaz şəhər Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə "8 Noyabr – tariximizin Zəfər Günü" adlı tədbir keçirilib. Məktəblilərin ifasında şeirlər səsləndirilib, Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi tərəfindən konsert proqramı təqdim olunub. Mərkəzin foyesində Uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsi şagirdlərinin əsərlərindən ibarət sərgi təşkil edilib.

***

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə "Cavad xan" tarixi dramı nümayiş etdirilib. Yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin müəllifi olduğu əsərin tamaşasında Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıb. Səhnə əsərini quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə Elşad Əhmədovdur.

Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert təşkil olunub.

Qazax Rayon Ədəbiyyat Muzeyində Əməkdar incəsənət xadimi, kinorejissor Ziya Şıxlınskinin Qafqaz İslam Ordusuna həsr olunmuş "Yazılsın tarixə bir qızıl xətlə..." filmi nümayiş olunub.

***

Gəncə RMİ Gəncə şəhər T.Hacıyev adına 2 saylı Uşaq musiqi məktəbində Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib.

Goranboy rayon Şəfəq kənd Mədəniyyət evində Şəfəq və Qaraçinar kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə "Zəfərin mübarək, Azərbaycan!" adlı kitab sərgisi təşkil edilib.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə "Görünməyən qəhrəmanlar" filmi nümayiş olunub.

Hazırladı: N.Məmmədli