Noyabrın 9-da Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək.

2021-ci ildə çəkilən sənədli-bədii ekran əsərinin nümayişi Azərbaycanın Dövlət Bayrağı Gününə və 2020-ci ilin Vətən müharibəsində Zəfərin ikinci ildönümünə həsr edilib.

Şuşanın işğaldan azad edilməsindən bəhs edən film 2021-ci ildə “Baku Media Center”in və Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasının birgə layihəsi olaraq ərsəyə gəlib. Filmin baş prodüseri Arzu Əliyevadır.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.