Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar videoçarx və virtual kitab sərgisi hazırlayaraq izləyicilərə təqdim edib.

Hazırlanan materiallarda Azərbaycanın əsas dövlət rəmzlərimizdən bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilib. Virtual kitab sərgisində Azərbaycan bayrağına həsr edilmiş, müxtəlif illərdə çap olunmuş kitablar haqqında da məlumatlar və onların biblioqrafik təsvirləri təqdim edilib. Həmçinin materiallarda Azərbaycan bayrağına həsr edilən şeirlərdən parçalar da yer alıb. Bundan əlavə, izləyicilər burada Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqqında da məlumatlar əldə edə bilərlər.

Kitabxananın əməkdaşları tərəfindən ərsəyə gətirilən materiallarda ümumi məlumatlarla yanaşı, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət rəmzimiz haqqında söylədikləri fikirlər, səs yazıları da öz əksini tapıb.

Videoçarx və virtual kitab sərgisi ilə kitabxananın rəsmi saytında tanış olmaq mümkündür.