Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivi dekabrın 2-dən 6-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq.

Səfər çərçivəsində özbək teatrı Azərbaycanın klassik səhnə əsəri olan “Qayınana” (Məcid Şamxalov) musiqili komediyasını nümayiş etdirəcək.

Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinin dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqan teatrına dəvət olunmuşdu.

Qeyd edək ki, “Qayınana” tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) səhnəyə qoyulub. Xalq artisti, unudulmaz sənətkar Nəsibə Zeynalova bu tamaşada  yaratdığı Cənnət xala obrazı ilə milyonların qəlbini fəth edib. 

Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qayınana” tamaşasında isə Cənnət xala obrazını Özbəkistanın Əməkdar artisti Gülbahar Məmmədova ifa edəcək.

Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.

Azərbaycan və Özbəkistan teatrlarının birgə yaradıcılıq işini izləmək istəyənlər biletləti şəhərimizin kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə edə bilərlər.