Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə görkəmli qazax ictimai-siyasi xadimi, türkoloq alim, şair Əhməd Baytursunoğlunun (1872-1937) anadan olmasının 150 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçirib.

“Əhməd Baytursınoğlu və Türk dünyasının mənəvi varisliyi” adlı konfransda Türk Ağsaqqalları Birliyinin sədri, akademik Südeyif İmamverdiyevin rəhbərliyi ilə bu qurumun nümayəndə heyəti, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak edib. 

Özbək Dili və Ədəbiyyatı Universitetinin elmi işlər və innovasiyalar üzrə prorektoru Nadirbek Jurakuziyev Əhməd Baytursınoğlunun həyatı, siyasi fəaliyyəti haqqında məlumat verib, onun qazax xalqının və ümumtürk mədəniyyətinin inkişafındakı rolundan danışıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli Əhməd Baytursınoğlunun 150 illiyi münasibətilə konfrans iştirakçılarını və bütün Türk dünyasını təbrik edib. Bildirib ki, bu il bu böyük şəxsiyyətin 150 illiyi UNESCO səviyyəsində də qeyd edilib. Böyük ədib qazax milli mənliyinin təsdiqi, əlifba islahatı, ədəbiyyat nəzəriyyəsi sahəsində islahatların aparılması, maarifin inkişafı, qəzet və jurnalların çap edilməsi və digər sahələrdə müstəsna xidmətlər göstərib. Əhməd Baytursınoğlu Türk dünyasının böyük şəxsiyyətləri İsmayıl Qaspıralı, Bəkir Çobanzadə, Munavvar-kori Abduraşidxanov, Abdulla Avloni, Mahmud Xuja Behbudi və digərləri ilə birgə Türk dünyasının birliyi, ümumi əlifba, ümumi dil formatının tapılması istiqamətində mühüm işlər görüb. Onun 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirakı, türkologiya sahəsindəki çıxış və təklifləri maraqla qarşılanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov deyib ki, Ə.Baytursınoğlu bir müddət Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyib. 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət alıb, burada qazax dili və ədəbiyyatı üzrə professor seçilib. Ə.Baytursınoğlu maarif sahəsində çalışıb elmi araşdırmalar aparsa da, siyasi fəaliyyətlə də məşğul olur. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaşdırılmasında fəal iştirak edir. Maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq, onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Ə.Baytursınoğlunun güllələnmə hökmü 10 illik həbslə əvəzlənir. Solovki adalarındakı həbsxanalara göndərilən ziyalı vaxtından əvvəl – 1934-cü ildə – həbsdən azad edilir. 1937-ci ildə onu yenidən həbs edirlər. Ə.Baytursınoğlunu Qabbas Nurumov, Almuxammad Kasımov, Alimxan Yermakov, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenev, RSFSR Xalq Komissarları Soveti sədrinin müavini Turar Rıskulov, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullin, həmçinin nakam şairimiz Mikayıl Müşfiq, özbək ədibləri Fitrət, Çolpan və digərləri ilə birlikdə antisovet təbliğatı apardığına, bu rejimi devirməyə cəhd etdiyinə görə ayrı-ayrı vaxtlarda güllələnməyə məhkum edirlər. Onun ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.

Türk Ağsaqqalları Birliyinin sədri, akademik Südeyif İmamverdiyev Ə.Baytursınoğlu və başqa şəxsiyyətlərin irsinin öyrənilməsi məsələlərinə, onların əsərlərinin bütün türk dillərində çap olunmasının vacibliyinə toxunub.

Özbəkistandakı Qazax Milli Mədəniyyət Mərkəzinin sədri Serikbay Usenov, Özbəkistanın Xalq şairi Məhəmməd Əli, Qaraqalpaqstanın Xalq şairi Müzəffər Əhmədov, professorlar Nasimxon Raxmanov, Kazakbay Yuldaşev, Maxanbek Jusunov və başqaları Ə.Baytursınoğlunun Türk dünyasında tanıdılması istiqamətində görüləcək işlər haqqında təkliflərini bildiriblər.